AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib

AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib
# 02 oktyabr 2013 12:50 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Bu gün Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilib.

APA-nın xəbərinə görə, öncə AMEA prezidenti, akademik Akif Əlizadə gündəlikdəki məsələlər haqqında məlumat verib.

AMEA Fizika İnstitutunun direktoru, fizika-riyaziyyat elmləri doktoru Nazim Məmmədov və fizika üzrə fəlsəfə doktoru Zakir Cahangirlinin həmmüəllifi olduqları “Yeni nəsil hesablama texnikası üçün spin-polyarlaşmış sistemlər: topoloji izolyatorlar” mövzusunda elmi məruzə təqdim edilib.

Məruzə ilə çıxış edən Z.Cahangirli topoloji izolyatorların (Tİ) kəşfinin əhəmiyyətindən danışaraq bu kəşfin bərk cisimlərin kvant fizikasında yeni eranın başlanğıcını qoyduğunu bildirib. O qeyd edib ki, Tİ-nin kəşfi fizika və kimya sahəsində intensiv tədqiqatların aparılmasına təkan verib. Alim bu sahədə dünyanın qabaqcıl elmi mərkəzlərində mühüm araşdırmaların aparıldığını bildirərək müxtəlif materialları və ya səthləri ayıran inter-səthlərin rolu, spin-polyarlaşmasının yaradılması və ölçülməsi, spin-koherentliyinin uzun müddət saxlanılması problemlərinin həllinə yönəlmiş bu tədqiqatların yeni spintronik tətbiqlər üçün fundamental əhəmiyyət kəsb etdiyini söyləyib. O, tədqiqatların AMEA Fizika İnstitutu və Yaponiyanın Spring Beynəlxalq Tədqiqat Mərkəzi ilə birgə aparıldığını nəzərə çatdırıb.

Məruzədən sonra tədqiqatların genişləndirilməsi və gənc alimlərin xarici ölkələrdə təcrübə keçməsi üçün zəruri tədbirlərin görülməsi ilə bağlı qərarlar qəbul olunub.

İclasın davamında digər məsələlər də müzakirə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR