Tibb Universitetinin tələbələri dərslərini “Tibb şəhərciyi”ndə keçəcəklər

Tibb Universitetinin tələbələri dərslərini “Tibb şəhərciyi”ndə keçəcəklər
# 10 sentyabr 2014 12:10 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Bu ildən başlayaraq Azərbaycan Tibb Universitetinin (ATU) tələbələrinin dərsləri əsasən “Tibb şəhərciyi”ndə yerləşən klinikalarda və tədris binalarında keçiriləcək. ATU-nun mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, əvvəlki illərdə ali məktəbin tələbələri tədris proqramı ilə əlaqədar şəhərin müxtəlif istiqamətlərindəki xəstəxanalarda yerləşən kafedralara getməli olurdular. Bu isə tələbələr üçün narahatlıq yaradır, bəzən onların dərslərə gecikməsinə səbəb olurdu.

Artıq tələbələrin yüksək səviyyəli təhsil alması üçün zəruri olan tədris kafedraları ATU-nun “Tibb Şəhərciyi”ndə yerləşən, ən müasir tibbi avadanlıqlarla təchiz olunub və yüksək tibbi xidmətin göstərildiyi klinikaların nəzdində fəaliyyət göstərməyə başlayıb.

Beləliklə, ATU-da tələbələrin tədris proqramını tam əhatə etməyə imkan verən kafedralar artıq “Tibb Şəhərciyi”ndə birləşib. Bu isə tələbələrin daha çox vaxta qənaət etməsinə, diqqəti təhsilə yönəltməyə, onların rahatlığına şərait yaradır.

Hazırda “Tibb Şəhərciyi”ndə Tədris Terapevtik Klinika, Tədris Cərrahiyyə Klinikası, Onkoloji və Stomatoloji klinikalarla yanaşı, həmçinin 5 əlavə tədris binası da fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR