Azərbaycanda geodeziya sahəsində iki dövlət qurumunun səlahiyyət bölgüsü dəqiqləşdirilib

Azərbaycanda geodeziya sahəsində iki dövlət qurumunun səlahiyyət bölgüsü dəqiqləşdirilib
# 19 noyabr 2015 13:39 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Nazirlər Kabineti “Azərbaycan Respublikasında geodeziya-istinad məntəqələrinin istifadəsi və mühafizəsi qaydalarına dair Əsasnamə”də dəyişikliklər edib.

APA-nın məlumatına görə, dəyişiklik Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi ilə bağlı geodeziya sahəsində səlahiyyət bölgüsü ilə bağlıdır.

Qərara əsasən bundan sonra dövlət geodeziya-istinad məntəqələrinin və yerüstü nişanlarının yerlərinin dəyişdirilməsi, yenidən qurulması və yenilərinin quraşdırılması xüsusi (sahəvi) təyinatlı geodeziya fəaliyyətinə münasibətdə Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK), digər hallarda Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) razılığı ilə həyata keçirilə bilər. Dövlət geodeziya-istinad məntəqələrinin və yerüstü nişanlarının uçotu xüsusi (sahəvi) təyinatlı geodeziya fəaliyyətinə münasibətdə ƏMDK, digər hallarda ETSN, şəhərlərdə və digər yaşayış məntəqələrində memarlıq və şəhərsalma orqanları tərəfindən aparılacaq. Geodeziya-istinad məntəqələrinin korlanması, məhv edilməsi və onların hazırlandığı materialların oğurlanması barədə xüsusi (sahəvi) təyinatlı geodeziya fəaliyyətinə münasibətdə ƏMDK-yə, digər hallarda ETSN-ə və ərazi polis şöbələrinə xəbər verilməlidir.

Qeyd edək ki, Azərbaycan Respublikasının ərazisində yerləşən daimi geodeziya-istinad məntəqələri ölkənin müdafiəsində, xalq təsərrüfatında və elmində mühüm əhəmiyyətə malik olduğuna görə, onlar dövlət tərəfindən qorunur. Dövlət tərəfindən qorunan daimi geodeziya-istinad məntəqələrinə I, II, III və IV sinif trianqulyasiya və poliqonometriya məntəqələri (yerüstü nişanları, mərkəzləri, səmt-istiqamət məntəqələri), I, II, III və IV sinif nivelirləmə məntəqələri, astronomik təyinetmə məntəqələri, qravimetriya şəbəkələrinin məntəqələri (I və II sinif), 1-ci və 2-ci dərəcəli trainqulyasiya və poliqonometriya şəbəkələrinin daimi məntəqələri (yerüstü nişan və mərkəzləri), xüsusi geodeziya şəbəkələrinin məntəqələri (mərkəzlər, nəzarət nişanları, yerüstü işarələr, istiqamətləndirmə məntəqələri), işıqlanan mayaklar və naviqasiya işarələri daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR