Əli Həsənov: “Azərbaycan dünyanın və regionun təhlükəsizlik maraqlarında ciddi amilə çevrilib”

Əli Həsənov: “Azərbaycan dünyanın və regionun təhlükəsizlik maraqlarında ciddi amilə çevrilib”
# 07 may 2015 10:51 (UTC +04:00)

APA-nın məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə keçirilən “Azərbaycan müasir dünyada” mövzusunda konfransda “Azərbaycan Respublikasının müasir dünyadakı vəziyyəti və geosiyasi mövqeləri” mövzusunda çıxış edən Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib.

Ə. Həsənov bildirib ki, Azərbaycan əhalisinin sayına müvafiq olaraq həm onun mili ordusunun say tərkibi və hərbi-texniki hazırlığı, həm də silahlanma keyfiyyəti Gürcüstan və Ermənistandan qat-qat yüksəkdir: “Bundan başqa, ordu quruculuğuna yönəltdiyi ümumi büdcə xərclərinə görə də Azərbaycan Cənubi Qafqazın lider ölkəsi hesab olunur. Odur ki, Azərbaycan keçən müddətdə təkcə Avropa Birliyinin enerji təhlükəsizliyinin, yaxud Qonşuluq Siyasətinin əsas fiqurlarından biri kimi deyil, həm də dünyanın müxtəlif bölgələrində – Əfqanıstanda, İraqda, Balkanlarda, digər münaqişə bölgələrində Qərbin həyata keçirdiyi sülhyaratma proseslərindəki birbaşa iştirakına, NATO-nun qeyri-hərbi ehtiyatlarla təchizatı, təhlükəsiz hava dəhlizinin təqdim olunması fəaliyyətinə görə də xüsusi fərqlənib. Azərbaycan regionda yürütdüyü balanslı təhlükəsizlik siyasəti ilə həm avroaltlantik təhlükəsizlik strukturları, həm də regionun aparıcı dövlətləri ilə hərbi-geostrateji tərəfdaşlıq xətti yürütməklə dünyanın və regionun təhlükəsizlik maraqlarında ciddi amilə çevrilib. Keçən dövrdə Azərbaycan Cənubi Qafqazda və Avrasiya məkanında bir-biri ilə ilə toqquşan iki hərbi blokun – NATO və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının mövcudluğunu nəzərə alaraq davamlı tarazlı siyasət aparmağa üstünlük verib. Mütəxəssislər hesab edirlər ki, Azərbaycanın bu siyasəti Cənubi Qafqazın mövcud reallığına tam adekvatdır”.

Ə. Həsənov qeyd edək ki, Azərbaycanın xarici aləmlə tərəfdaşlıq münasibətlərinə mənfi təsir göstərən və geosiyasi dəyərini aşağı salan bəzi amillər də mövcuddur: “Tədqiqatçılar bu sıraya ilk növbədə Ermənistanla münaqişənin və Dağlıq Qarabağ probleminin 20 ildən artıq müddətdə həll edilməməsini aid edirlər. Ümumiyyətlə, müstəqilliyə qovuşduğu andan Azərbaycanın mili inkişafı yolunda rastlaşdığı ən mühüm problem Dağlıq Qarabağ münaqişəsi olub. Müstəqilliyin ilk illərində bu problem ölkənin bölgədə və dünyada kəsb etdiyi geosiyasi əhəmiyyəti ciddi surətdə azaldaraq beynəlxalq investisiya qurumlarının ölkəyə davamlı kapital qoyuluşu siyasətinə uzun müddət ciddi mənfi təsir göstərib. Bununla yanaşı, Xəzər dənizinin hüquqi statusunun sona qədər həll edilməməsindən, Transxəxər layihəsinə region dövlətlərinin fərqli yanaşmasından qaynaqlanan bəzi digər bölgə problemləri də həm Azərbaycanın, həm də digər qonşu ölkələrin xarici aləmlə tərəfdaşlığına mənfi təsir göstərib. Bir faktı da qeyd etmək lazımdır ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə Cənubi Qafqaz, Xəzər, Qara dəniz hövzəsindəki regional qarşıdurmalara və bəzi problemlərə görə bir çox maraqlı dairələr dünya investorlarına Azərbaycanı nə qədər əlverişsiz ölkə kimi təqdim etməyə çalışsalar da, malik olduğu zəngin enerji resursları, Xəzər hövzəsində yürütdüyü effektli neft-qaz siyasəti və reallaşdırdığı çoxsaylı transmilli layihələr onu bütün dünya üçün bir o qədər cəlbedici və arzu edilən tərəfdaşa çevrilib. Beləliklə, müstəqilliyinin 20 ili ərzində Azərbaycan siyasi, iqtisadi, ictimai və mənəvi həyatın bütün sahələrində keçid dövrünü uğurla başa vurub və bir dövlət olaraq tam formalaşıb, güclü regional amilə çevrilib və qlobal siyasətdə öz sözü, rəyi, prinspial mövqeyi ilə seçilən nüfuzlu dövlət kimi çıxış etməyə başlayıb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR