Azərbaycanla Rusiya kənd təsərrüfatı sahəsində əməkdaşlıq və məhsulların təchizatı məsələlərini müzakirə edib

Azərbaycanla Rusiya kənd təsərrüfatı sahəsində əməkdaşlıq və məhsulların təchizatı məsələlərini müzakirə edib
# 16 aprel 2015 13:09 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. İqtisadiyyat və Sənaye Nazirliyində Azərbaycan və Rusiya arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya çərçivəsində yaradılmış kənd təsərrüfatı sahəsində əməkdaşlıq və kənd təsərrüfatı məhsullarının təchizatı üzrə işçi qruplarının görüşü keçirilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, görüşdə işçi qrupları tərəfindən görülmüş işlər barədə məlumat verilib.

Qeyd edilib ki, 16 Azərbaycan şirkəti ilə Rusiyanın 3 iri ticarət şəbəkəsi və logistik mərkəzi arasında kənd təsərrüfatı və emalı məhsullarının ixracı ilə bağlı 48 anlaşma memorandumu imzalanıb, 12 Azərbaycan şirkəti "Qızıl Payız" Rusiya aqrar-sənaye sərgisində iştirak edib, 2014-cü ilin oktyabr və noyabr aylarında Bakıda iş adamlarının görüşləri təşkil edilib.

Bundan başqa Rusiya Baytarlıq və Fitosanitar nəzarət üzrə Federal Xidmətinin əməkdaşları ölkəmizə səfər edib və sahibkarlıq subyektlərinə baxış keçirərək qiymətləndirmə aparıblar. Artıq Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti tərəfindən ilkin olaraq 4 Azərbaycan müəssisəsi reyestrə daxil edilib. Bu isə həmin müəssisələrə 2015-ci ilin 16 mart tarixdən etibarən istehsal etdikləri məhsulları Rusiyaya ixrac imkanı yaradır. Digər yerli müəssisələrin də reyestrə daxil edilməsi istiqamətində işlər davam etdirilir.

Görüşdə Azərbaycanda istehsal olunan kənd təsərrüfatı və emalı məhsullarının Rusiya bazarlarına ixracının daha da genişləndirilməsi imkanları müzakirə edilib.

Rusiya nümayəndə heyəti Azərbaycana səfər çərçivəsində bir sıra müəssisələrdə istehsal prosesi ilə tanış olublar.

Qeyd edək ki, Azərbaycan tərəfindən yaradılmış İşçi Qrupuna iqtisadiyyat və sənaye nazirinin müavini Sahib Məmmədov, Rusiya tərəfindən yaradılmış İşçi Qrupuna isə bu ölkənin kənd təsərrüfatı nazirinin müavini Andrey Volkov rəhbərlik edir. İşçi qruplarına hər iki ölkənin aidiyyəti dövlət qurumlarının nümayəndələri daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR