Rusiya məhkəməsi Moskvada aeroportda yaşayan suriyalı ailənin işinə baxacaq

Rusiya məhkəməsi Moskvada aeroportda yaşayan suriyalı ailənin işinə baxacaq
# 16 noyabr 2015 11:54 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Moskva vilayətinin Ximki Məhkəməsi noyabrın 19-da bu il sentyabrın 10-dan Moskvanın "Şeremetyevo" hava limanında, tranzit zonada yaşayan və əslən Azərbaycandan olduqları bildrilən suriyalı qaçqın ailəsinin işinə baxacaq.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu ailənin vəkili Roza Məmmədova deyib. "Həmin gün biz Rusiya Cinayət Məcəlləsinin 322-ci maddəsinə əsasən məsələ ilə bağlı qaldırılan işə xitam verilməsi barədə vəsatət qaldıracağıq. Bu maddə siyasi sığınacaq almaq hüququndan istifadə etmək üçün sərhədləri keçmə qaydasının pozulması hallarına aid deyil” , - deyə vəkil qeyd edib.

Xatırladaq ki, 4 uşağı olan ailə Suriya və İraq pasportları ilə İraqdan Rusiyaya gəlib və qohumlarının yaşadığı Samara şəhərinə getməyə çalışıb. "Şeremetyevo" aeroportunda pasport nəzarətindən keçərkən onlar sığınacaq istəyiblər, lakin Federal Miqrasiya Xidməti onların pasportlarını saxta sayaraq bundan imtina edib. Ailənin qadın üzvünün Azərbaycandan olması barədə məlumatı Qazaxıstanın “Tengrinews.kz” saytı yazıb. Gülistan İsa-Şaho adlı qadınla söhbət etmiş Qazaxıstanın Rusiyadakı səfirliyinin konsulluq əməkdaşları onun kürd olduğunu, 1981-ci ildə Azərbaycanda dünyaya gəldiyini və uşaq vaxtı valideynləri ilə bir neçə il Qazaxıstanda yaşadığını müəyyənləşdiriblər. Həmin qadın 1998-ci ildə İraqa köçüb və İraq vətəndaşına ərə gedərək bu ölkənin vətəndaşlığını alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR