Milli Məclisin İqtisadi siyasət komitəsinin növbəti iclası keçirilib

Milli Məclisin İqtisadi siyasət komitəsinin növbəti iclası keçirilib
# 24 aprel 2015 11:58 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Bu gün Milli Məclisin İqtisadi siyasət komitəsinin növbəti iclası keçirilib.

APA-Economics”in məlumatına görə, iclası açan komitə sədri Ziyad Səmədzadə gündəlikdəki məsələlər haqqında iclas iştirakçılarını məlumatlandırıb.

Əvvəlcə komitə üzvləri “Reklam fəaliyyəti haqqında” qanun layihəsini müzakirə ediblər. Komitə sədri bildirib ki, belə bir sənədin hazırlanması cəmiyyətdə geniş əks-səda doğurub. İqtisadi inkişafın dinamikasına, cəmiyyətdə sivil reklam münasibətlərinin formalaşmasına xidmət edəcək bu qanun layihəsi bütün nazirliklər və müvafiq qurumlar tərəfindən müzakirə olunub, rəylər alınıb və əksər dəyərli təkliflər sənəddə nəzərə alınıb.

Sonra iclasda “Mərkəzi Bank haqqında” mövcud qanuna bəzi əlavə və dəyişikliklərin edilməsi barədə sənədə baxılıb. İclasda iştirak edən Mərkəzi Bankın İdarə Heyətinin sədr müavini Alim Quliyev sənədlə bağlı müvafiq dəyişiklikləri diqqətə çatdırıb. Qeyd olunub ki, aparılan zəruri dəyişikliklər əsas etibarı ilə Mərkəzi Bankın kapital ehtiyatlarının ödəniş mexanizmlərinin təkmilləşdirilməsi məqsədi daşıyır, pul çatışmazlığı probleminin aradan qaldırılmasına xidmət edir.

İclasda “Qiymətli kağızlar bazarı haqqında” qanun layihəsinə də baxılıb. Qiymətli Kağızlar Üzrə Dövlət Komitəsinin sədri Rüfət Aslanlı sənədi ətraflı şərh edib. Qeyd edilib ki, sənəd ölkədə investisiya qiymətli kağızlarının buraxılışı, dövlət qeydiyyatı, investorların hüquqları, bu sahədə dövlət tənzimlənməsi və nəzarətinin hüquqi-iqtisadi əsaslarını müəyyən edəcək. Layihədə qiymətli kağızların emissiyası, buraxılışı, bu sahədə depozitar sistem, investisiya şirkətlərinin fəaliyyəti barədə hesabat, fond birjasının vəzifələri və daxili qaydaları kimi məsələlər əks olunub.

Çıxış edən millət vəkilləri Vahid Əhmədov, Əli Məsimli, Xanhüseyn Kazımlı, Rüfət Quliyev müzakirə olunan sənədlərlə bağlı fikirlərini açıqlayıblar.

Ətraflı müzakirələrdən sonra qanun layihələri parlamentin plenar iclasına tövsiyə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR