Azərbaycanda monitorinq imtahanları 722 orta ümumtəhsil müəssisəsində keçiriləcək

Azərbaycanda monitorinq imtahanları 722 orta ümumtəhsil müəssisəsində keçiriləcək
# 17 aprel 2013 10:29 (UTC +04:00)

Bakı. Kəmalə Quliyeva – APA. Orta məktəblərin V və XI siniflərində aparılacaq monitorinq imtahanları respublikanın 29 bölgəsini əhatə etməklə ümumilikdə 722 orta ümumtəhsil müəssisəsində keçiriləcək. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, ilk monitorinq imtahanı Bakı, Abşeron və Sumqayıtda imtahan fənləri üzrə ayrı-ayrı günlərdə olmaqla aprelin 23-ü, 24-ü və 25-də keçiriləcək. Digər bölgələrdə keçiriləcək imtahanların tarixləri barədə yaxın vaxtlarda məlumat veriləcək.

V sinif şagirdləri üçün imtahan Ana dili və riyaziyyat fənni üzrə keçiriləcək. Ana dili imtahanında şagirdlərin bacarığı həm açıq tipli test tapşırıqları ilə, həm də yazı işi ilə yoxlanacaq. Belə ki, 1 saat 30 dəqiqə ərzində şagirdlər 20 açıq tipli test tapşırığı ilə yanaşı təqdim olunacaq mövzu üzrə yazı işləri də yerinə yetirəcəklər.

Riyaziyyat fənni üzrə isə şagirdlərə 18 açıq tipli test tapşırığı təqdim olunacaq. Bu imtahanın da müddəti 1 saat 30 dəqiqədir.

XI sinif şagirdləri isə Azərbaycan dilindən, riyaziyyat və fizika fənlərindən imtahan verəcəklər. Azərbaycan dili üzrə sualları cavablandırmaq üçün onlara 45 dəqiqə, fizika və riyaziyyat fənləri üzrə ayrılıqda 60 dəqiqə vaxt veriləcək. Bu imtahanda suallar ənənəvi - çoxseçimli test tapşırığı formasında təqdim olunacaq. Bu fənlərin hər birindən şagirdlərə imtahan zamanı 30 sual təqdim ediləcək.

Orta ümumtəhsil müəssisələrində bu imtahanlar yalnız dövlət vəsaiti hesabına təşkil edilir və valideynlərdən hər hansı ödəniş tələb olunmur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR