Bu il Naxçıvanda dəmiryolu vasitəsilə 75 mindən çox sərnişin daşınıb

Bu il Naxçıvanda dəmiryolu vasitəsilə 75 mindən çox sərnişin daşınıb
# 20 iyul 2016 08:37 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə – APA-Economics. Naxçıvan Muxtar Respublikasında cari ilin altı ayında Ordubad-Vəlidağ sahəsində hərəkətdə olan yük və sərnişin qatarlarının fasiləsiz işi təmin olunub, dəmir yolu vasitəsi ilə muxtar respublika ərazisindəki ayrı-ayrı tikinti təşkilatlarının ünvanına 30 min tona yaxın yük daşınıb, 75 min 419 sərnişin dəmir yolu nəqliyyatından istifadə edib. “APA-Economics” xəbər verir ki, “Naxçıvan Dəmir Yolları” MMC-nin əməkdaşları dəmir yollarının istismar vəziyyətini mütəmadi yoxlayıb, baş və stansiya yollarında lazımi təmir işləri görüb.

Xidmətin səviyyəsinin yüksəldilməsi məqsədilə profilaktik tədbirlər də gücləndirilib, Culfa Lokomotiv Deposunda lokomotivlər 29 dəfə texniki baxışdan keçirilib, 9 lokomotiv cari təmir edilib. Culfa İstismar Vaqon Deposunda isə 6 ay ərzində 77 vaqon depo təmir edilib, xidməti ərazidə 2831 ədəd yararsız ağac şpal dəyişdirilib.

Dəmir yolu işçilərinin peşəkarlıq səviyyəsinin artırılması da diqqət mərkəzində saxlanılıb, 24 dəmiryolçu Naxçıvan Regional Peşə Tədris Mərkəzində təşkil olunan kursu bitirib. Həmçinin dəmiryolçu peşəsinin sirlərinin dərindən öyrənilməsi, praktik biliklərin artırılması və kadrların hazırlanması məqsədilə Naxçıvan Dövlət Universitetinin 8, Naxçıvan Dövlət Texniki Kollecinin isə 13 tələbəsi işə qəbul edilib.

Texniki İnzibati Binaların Təmir-Tikinti İdarəsi tərəfindən iyun ayında Ordubad dəmiryol sərnişin vağzalı və Ordubad Yol Sahəsinin inzibati binalarında, Ordubad İdarəetmə Mərkəzi və Yol Sahəsinin yardımçı binalarında, yük anbarında, sərnişin və yük platformalarında, eləcə də onları əhatə edən ərazidə kompleks tikinti, yenidənqurma və əsaslı təmir işləri davam etdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR