Birləşmiş Ərəb Əmirliklərinin prezidenti Məhəmməd bin Zayed Al Nəhyan 2023-cü il oktyabrın 7-də baş verən HAMAS hücumundan əvvəl İsrailin Baş naziri Benyamin Netanyahunu xəbərdar edib.
APA xəbər verir ki, bu iddia ilə “New York Times” qəzeti çıxış edib.
Qəzetin İsrailli rəsmilərə istinadən yaydığı məlumata görə, iki lider arasında görüş baş verib və Al Nəhyan Netanyahuya HAMAS-ın “böyük hücum” planlaşdırdığı barədə məlumat verib. Lakin bu xəbərdarlıq İsrailin təhlükəsizlik rəsmilərinə çatdırılmayıb.
Netanyahu oktyabrın 1-də Qəzza ilə bağlı təhlükəsizlik rəsmiləri ilə görüşündə də bu xəbərdarlıq barədə danışmayıb. O, Qəzzada sakitliyin qorunmasının tərəfdarı olduğunu bildirib və bölgəyə hücum edilməsinə dair bəzi təklifləri rədd edib.
Mənbələr Al Nəhyanın hücumdan bir neçə ay sonra MKİ-nin keçmiş direktoru Uilyam Börnslə görüşündə də Netanyahunu xəbərdar etdiyini söylədiyini bildiriblər.
Netanyahu isə bu barədə xəbərləri təkzib edib. BƏƏ Xarici İşlər Nazirliyi də açıqlamasında ölkənin 7 oktyabrdan əvvəl və sonra səylərinin gərginliyin azaldılmasına və regional sabitliyin qorunmasına yönəldiyini bildirib.