Gəncədə “Gəncə avropalı gənclərin gözü ilə” adlı beynəlxalq foto müsabiqə keçirilir

Gəncədə “Gəncə avropalı gənclərin gözü ilə” adlı beynəlxalq foto müsabiqə keçirilir
# 11 iyul 2015 16:04 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. 2016-cı ilin “Avropanın Gənclər Paytaxtı” seçilmiş Gəncə şəhərində “Gəncə avropalı gənclərin gözü ilə” adlı beynəlxalq foto müsabiqə keçirilir.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, beynəlxalq layihədə 14 Avropa ölkəsindən (Litva, Rumıniya, Polşa, Çexiya, Finlandiya, Ukrayna, Türkiyə, Gürcüstan, Monteneqro, Estoniya, Portuqaliya, Yunanıstan, Sloveniya, Serbiya, Macarıstan və Azərbaycan) 20 peşəkar və həvəskar fotoqraf iştirak edir.

Açılış mərasimində bildirilib ki, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən beynəlxalq layihə çərçivəsində iştirakçılar 5 gün ərzində Gəncə şəhəri və burada yaşayan gənclərin həyatının anlarının fotoşəkillərini çəkəcəklər. Peşəkar və təcrübəli münsiflər heyəti tərəfindən həmin şəkillərdən 50 ən uğurlusu seçiləcək və onların foto-sərgisi təşkil olunacaq.

Layihəyə qoşulan fotoqraflar öz ölkələrinə qayıtdıqdan sonra həmin şəkilləri Avropanın 14 ölkəsində təşkil edəcəkləri foto sərgilərdə nümayiş etdirəcəklər. Məqsəd 2016-cı ilin Avropa Gənclər Paytaxtı seçilmiş Gəncə şəhərini Avropada tanıtmaq, Avropa gəncləri ilə yerli gənclər arasında əlaqə yaratmaq və avropalı gəncləri Azərbaycan mədəniyyəti ilə yaxından tanış etməkdir.

Sonda Gəncə Avropa Gənclər Paytaxtı çərçivəsində foto-müsabiqə layihəsinin təqdimatı olub. Qeyd edək ki, “Gəncə-Avropa Gənclər Paytaxtı 2016” çərçivəsində ümumilikdə 43 layihə nəzərdə tutulub. Onlardan 18 yerli, 25 isə beynəlxalq layihədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR