Nazirlik: Elektron informasiya sistemində 1,4 milyondan çox əmək müqaviləsi bildirişi qeydiyyatdan keçib

Nazirlik: Elektron informasiya sistemində 1,4 milyondan çox əmək müqaviləsi bildirişi qeydiyyatdan keçib
# 16 oktyabr 2014 09:07 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin (DƏMX) rəisi Fuad Əlizadə cari ilin 9 ayında əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti sisteminin təkmilləşdirilməsi istiqamətində aparılan islahatların və işçi hüquqlarının təminatı sahəsində görülən işlərin nəticələrinə dair mətbuat konfransı keçirib.

APA-nın xəbərinə görə, F. Əlizadə prezident İlham Əliyevin 2014-cü il 3 fevral tarixli fərmanının icrası olaraq əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminin (EİS) yaradılması və tətbiqinə başlanmasını hesabat dövrünün ən uğurlu islahat tədbirlərindən biri kimi qeyd edib.


Onun sözlərinə görə, cari ilin iyulun 1-dən istifadəyə verilən bu sistem artıq tam fəaliyyətdədir: "Sistem tətbiq olunduqdan sonra işəgötürənlərin məlumatlandırılması, sistemdən istifadə ilə bağlı təkcə cari ilin sentyabr ayı ərzində EİS-dən 1 116 873 nəfər, istifadəyə verildiyi vaxtdan, yəni bu ilin iyulun 1-dən isə 1 milyon 753 minə yaxın vətəndaş istifadə edib. Onu da nəzərinizə çatdırım ki, sistem istifadəyə verildikdən sonra ötən qısa müddət ərzində 1 milyon 400 mindən çox əmək müqaviləsi bildirişi EİS-də qeydiyyatdan keçirilib”.


Bunun uğurlu göstərici olduğunu qeyd edən F. Əlizadə bildirib ki, hazırda davam edən bu prosesə ciddi nəzarət olunur: “Bağlanan hər bir yeni əmək müqaviləsi, yaxud bu müqaviləyə dəyişiklik edilməsi və ya xitam verilməsi bildiriş formasında EİS-də əksini tapmalıdır. Qanunvericiliyin bu tələbinə əməl olunmaması təbii ki, hüquq pozuntusu faktı kimi qiymətləndiriləcək və İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən cərimələr tətbiq ediləcək”.

Xidmət rəisi qeyd edib ki, dövlət nəzarəti zamanı qeyri-leqal işçiləri dərhal müəyyən etməyə imkan verən bu sistem nəticə etibarilə sosial sığorta, vergi daxilolmalarının artmasına şərait yaradır: “Həmçinin EİS-in tətbiqi işəgötürənlərin qısa bir dövrdə elektron imzaya, e-imza ilə işləmək bacarıqlarına yiyələnmələrinə, bağlanan hər bir əmək müqaviləsinin artıq kağız daşıyıcılıq formasından çıxaraq elektron sənəd kimi formalaşmasına və istənilən halda işçilərin hüquqlarının müdafiəsində hüquq əsas rolu oynaya bilməsinə səbəb olub”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR