Bank Of Baku

İranda daşqalaq edilməklə ölüm cəzasına məhkum edilən azərbaycanlı qadının hökmü edam cəzası ilə əvəz oluna bilər

İranda daşqalaq edilməklə ölüm cəzasına məhkum edilən azərbaycanlı qadının hökmü edam cəzası ilə əvəz oluna bilər
# 26 dekabr 2011 07:08 (UTC +04:00)
APA-nın məlumatına görə, Şərqi Azərbaycan vilayətinin prokuroru Malik Əjdər Şərifi jurnalistlərə açıqlamasında bildirib ki, hökmün icrası beynəlxalq təzyiqlər nəticəsində dayandırılıb: “Biz o vaxt İran Ali Məhkəməsinin sabiq sədri Haşimi Şahrudiyə müraciət etdik. Ancaq heç bir tutarlı cavab ala bilmədik. İndi İranın Ali Məhkəməsinin yeni sədri, ayətullah Sadiq Amoli Laricani bu qadının daşqalaq cəzasının edamla əvəzlənməsinin mümkün olduğunu, bununla bağlı ölkədəki İslam alimləri ilə məsləhətləşmələr aparıldığını deyib. Əgər İslam şəriətində daşqalaq cəzasının edamla əvəzlənməsinə qəti əmin olsaq, hökm dərhal icra ediləcək. Hələlik Səkinə Məhəmmədi Aştiani həbsxanada cəzasını çəkməkdədir”.

Qeyd edək ki, 43 yaşlı, iki uşaq anası Səkinə Məhəmmədi Aştiani Təbrizdəndir. 5 ildir İranda həbsdə saxlanır. O, həyat yoldaşı qətlə yetiriləndən sonra iki kişi ilə zina etməkdə günahlandırılaraq 2006-cı ildə həbs olunub. Təbriz Məhkəməsi əvvəlcə onu 99 zərbə şallaq cəzasına məhkum edib və hökm icra olunub. Sonradan Səkinə Məhəmmədi Aştianiyə yeni iş açılıb. O, həyat yoldaşının qətlində iştirakda və onun sağlığında da xəyanət etməkdə günahlandırılıb, daşqalaq yoluyla ölümə məhkum olunub.

Azərbaycanlı qadın əvvəlcə günahını etiraf etsə də, sonradan etirafın ondan təzyiq altında alındığını bildirərək, irəli sürülən bütün ittihamları rədd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR