Bank Of Baku

Avropa Birliyi İranla qeyd-şərtsiz danışıqlara hazır olduğunu bəyan edib

Avropa Birliyi İranla qeyd-şərtsiz danışıqlara hazır olduğunu bəyan edib
# 02 yanvar 2012 19:00 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. Avropa Birliyi İranın nüvə proqramı ilə bağlı yaranmış problemin həlli üçün bu ölkəylə qeyd-şərtsiz danışıqlara hazırdır.

APA-nın məlumatına görə, bu barədə Avropa Birliyinin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəliyindən bildirilib. Məlumatda Avropa Birliyinin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Ketrin Eştonun müzakirələrə başlamaq üçün İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Səid Cəliliyə məktub yazdığı, ancaq indiyədək heç bir cavab almadığı qeyd olunub.

Qeyd edək ki, bu günlərdə İranın xarici işlər naziri Əli Əkbər Salehi ölkəsinin nüvə proqramına dair «altılıq»la (Rusiya, ABŞ, Böyük Britaniya, Fransa, Çin, Almaniya) danışıqları bərpa etməyə hazır olduğunu bildirib. O, İranın danışıqlarda əsas kimi Rusiyanın təklif etdiyi mərhələli plana üstünlük verdiyini bildirib. Plan İranın öz nüvə proqramı barədə məlumat verməsinin əvəzində bu ölkəyə qarşı sanksiyaların tədricən yumşaldılmasını nəzərdə tutur. Bundan əlavə, İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Səid Cəlilinin Avropa Birliyinə məktub yazacağı açıqlanıb. Avropa Birliyinin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Ketrin Eştona ünvanlanacaq məktubda S.Cəlili «altılıq»la yenidən müzakirə masası arxasına oturmaq istədiklərini bildirəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR