Bank Of Baku

İran və Suriya xarici işlər nazirləri arasında görüş keçirilib

İran və Suriya xarici işlər nazirləri arasında görüş keçirilib
# 30 iyul 2012 20:05 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. İranın xarici işlər naziri Əli Əkbər Salehi Tehranda səfərdə olan suriyalı həmkarı Vəlid əl-Müəllimlə görüşüb. APA-nın İran mətbuatına istinadən məlumatına görə, görüşdə əsasən Suriyadakı son vəziyyət əsas müzakirə mövzusu olub.

Ə. Salehi bildirib ki, “Suriyadakı gərginliyi törədən əsas xarici güclərin başında İsrail dayanır”: “Onlar Suriya iqtidarını devirmək və ölkədə gərginlik yaratmağa çalışırlar. Qonşu dövlətlər Suriya hakimiyyətinin zəifləməsinə səbəb olmayacaq və xalqı üçün problemlər yaratmayacaq bir mövqe seçməlidir. Çünki səhv yöndə atılacaq bir addım dəhşətli nəticələr doğura bilər. Xüsusilə bölgədəki ölkələrin gözlərini açaraq etdikləri şeyin nəticələri haqqında düşünəcəklərini ümid edirik. Allah qorusun səhv istiqamətdə bir addım atarlarsa, bunun nəticələri özlərinə də təsir edəcək. Bunun mənfi nəticələri haqqında danışa bilərik. Bilirik ki bu nəticələr dəhşətli olacaq. Ona görə də Suriya iqtidarından başqa kiminsə bu ölkəyə hakim olması təsəvvürü yanlışdır. Əks təqdirdə bu ölkədəki gərginlik bütün region ölkələri, hətta dünya üçün böhranla nəticələnə bilər. Bunun da pis nəticələri ola bilər”.

Onun sözlərinə görə, Suriya prezidenti və dövləti xalqın tələblərinə cavab verir: “Düşmənlər Suriya dövlətində islahatların icrası istiqamətində yalnız bircə fürsəti gözləyirlər. Suriyada iqtidarın dəyişməsi bir yuxudur. Bu bir xəyaldır. Suriyaya və ölkə daxilində nələr yaşandığına diqqətli şəkildə baxmalıyıq”.

V. əl-Müəllim isə deyib ki, Suriya torpağının hər bir qarışını müdafiə etməyə qadirdirlər: “Silahlı terrorçu qruplar İsrailin mənafeyinə xidmət edirlər. Ancaq onların sui-qəsdləri müvəffəqiyyətsiz oldu və Hələbə qaçdılar. İndi də Hələbdə hökumət əleyhdarları bizə qarşı üsyan başladıblar. Lakin Hələbdə hökumət qüvvələri ilə silahlı mübarizə aparan üsyançılar məğlub ediləcək”.

Onun sözlərinə görə, Əsəd hökuməti 16 aydır davam edən və 18 mindən çox insanın öldüyü şiddətə son verəcək 6 maddəlik Annan planına bağlıdır: “12 apreldən etibarən şəhərlərdən ağır silahlarımızı çəkdik və Suriya hökuməti olaraq şiddəti sona çatdırmaq üçün üzərimizə düşəni etdik. Ancaq təəssüf ki, silahlı qruplar verdikləri sözü tuta bilmədilər. Eyni zamanda onların arxasında olan regional güclər də buna bağlı qalmadılar. Qətər, Səudiyyə Ərəbistanı və Türkiyəni nəzərdə tuturam. Çünki Suriyada tutulan terrorçuların bir qismi liviyalı, tunisli və misirlidir. Bir qrup da jurnalist olaraq ölkəyə girdikdən sonra terror hərəkətləri törədiblər. Bu terrorçular Türkiyə üzərindən Suriyaya giriblər. Bununla da onlar Annan planına bağlı qalmayaraq şiddətin artmasına, siyasi dialoq yolunun bağlanmasına səbəb olublar. Onların üzündən müxalifət qrupları bura gəlib bizimlə dialoq aparmağı istəmədilər”.

Qeyd edək ki, səfər çərçivəsində Suriyanın xarici işlər naziri İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Səid Cəlili ilə də görüşüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR