Bank Of Baku

İran Suriya iqtidar və müxalifətini üç aylıq atəşkəsə çağırıb

İran Suriya iqtidar və müxalifətini üç aylıq atəşkəsə çağırıb
# 10 avqust 2012 10:49 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. İranın xarici işlər naziri Əli Əkbər Salehi keçirdiyi mətbuat konfransında Suriyadakı böhranın həlli məqsədilə avqustun 9-da paytaxt Tehran şəhərində 29 ölkənin iştirakı ilə keçirilmiş beynəlxalq konfransın nəticələrini açıqlayıb.

APA-nın “Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, Ə. Salehi bildirib ki, toplantı iştirakçıları Suriyada davam edən qarşıdurmalar, can və mal itkisi və insan haqları pozuntularından dərin narahatlıq keçirir, şiddət və terrorun qurbanlarının ağrılarını paylaşırlar: “Suriyada tərəflər arasında milli müzakirələrə başlanması və siyasi həll yollarının axtarılması zəruridir. Bütün tərəflərin bir an əvvəl şiddət hadisələrinə son verərək dialoqa başlamaları lazımdır. Siyasi islahatların həyata keçirilməsi, demokratiyanın gücləndirilməsi, siyasi partiya və qrupların ölkə rəhbərliyində iştirakı istiqamətindəki xalqın qanuni tələbləri dəstəklənir. Sülh içərisində və sakit bir mühitdə, xarici müdaxilə olmadan bu tələblərin qiymətləndirilməsi lazımdır”.

XİN başçısının sözlərinə görə, tədbir iştirakçıları BMT-nin Suriyadakı böhranın həll olunması ilə bağlı göstərdiyi səyləri və Kofi Annanın 6 maddəlik planını dəstəkləyir: “Sabitlik və hüzurun təmin edilməsinə yardımçı olmaq üçün Suriyadakı BMT müşahidəçilərinin vəzifə müddətinin uzadılması lazımdır. Bundan əlavə, ölkələrin daxili işlərinə qarışılmamasını nəzərdə tutan beynəlxalq qanunlara uyğun hərəkət edilməsi və silahlı qruplara hər cür təchizat köməyinə son verilməsi vacibdir. Eyni zamanda ağrı-acı çəkən və çətinlik içərisində olan Suriya xalqına hökumətlə əməkdaşlıq içərisində insani kömək edilməsi lazımdır”.

Ə. Salehi deyib ki, toplantı iştirakçıları Suriyada şiddəti dayandırmaq üçün iqtidar və müxalifət arasında dialoq başlatmaq üçün nümayəndə heyətinin yaradılmasını zəruri sayıblar: “Tanınmış terrorçu qrupların bu ölkədəki qarşıdurmalara qatılmasından və terrorizmin yayılmasından dərin narahatlıq duyuruq. Tədbir iştirakçıları dialoq zəminin hazırlanması, həll yollarının tapılması məqsədilə tərəflərin üç aylığına şiddətə və qarşıdurmalara son verməsi ilə bağlı İranın təklifini dəstəkləyib. Eyni zamanda toplantıya ev sahibliyi etdiyi üçün İrana təşəkkür edilib, Suriya xalqının ağrılarını azaldacaq, bölgədə sülh və sabitliyi təmin edəcək addımların atılmasına yönəlmiş bu cür yığıncaqların davam etməsi məqbul sayılıb”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR