İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian ölkəsi ilə Səudiyyə Ərəbistanı arasında yaxşı münasibətləri taktiki razılaşma hesab etmədiyini bildirib.
APA xəbər verir ki, bunu Fransanın “Fiqaro” qəzetinə müsahibəsində deyib.
“İqtisadi və ticarət əlaqələrimizin inkişafı ilə bağlı razılığa gəldik. İqtisadi layihələrin həyata keçirilməsi Səudiyyə Ərəbistanının prioritetidir”, - o qeyd edib.
O, İrana qarşı sanksiyaların daimi olmadığını vurğulayıb: “Beynəlxalq qanunlar çərçivəsində bizim hər zaman imkanlarımız var”. İran XİN başçısı hazırkı hökumətin xarici siyasətində qonşuları ilə münasibətlərin prioritet təşkil etdiyini qeyd edib.
Diplomat İranın Suriyadakı varlığından da danışıb: “Biz Suriya hökumətinin tələbi ilə bu ölkədəyik və orada yalnız bir neçə hərbi məsləhətçimiz var”.
İran xarici işlər naziri nüvə məsələsində diplomatik prosesin və danışıqların davam etdirilməsinə toxunaraq nüvə müzakirələrinin Avropa koordinatoru Enrike Mora ilə Əli Bağerinin daimi təmasda olduqlarını bildirib: “Vyanada uzun müddət danışıqlar apardıq və razılaşmaya yaxın idik, lakin qarşı tərəfin danışıqların gedişinə mane olan həddən artıq çox tələbləri var idi".
Nazir İranın nüvə məsələsində ABŞ-la qeyri-rəsmi danışıqları vasitəçilər vasitəsilə apardığını bildirib: “Tehran və Vaşinqton arasında mesaj mübadiləsi regional və hətta Avropa vasitəçiləri vasitəsilə davam edir".