Banqladeşdə sərnişin və yük qatarlarının toqquşması nəticəsində azı 30 nəfər xəsarət alıb.
APA yerli “The Daily Star” qəzetinə istinadən xəbər verir ki, bu barədə ölkənin Dəmir Yolu Nazirliyinin ictimaiyyətlə əlaqələr departamentinin direktor müavini Şariful Alam bildirib.
Toqquşma paytaxt Dəkkədən 96 km şərqdə, Banqladeşin şərqindəki Kumilla bölgəsində baş verib və sərnişin qatarının 5 vaqonu relsdən çıxıb.
Hadisə nəticəsində xəsarət alanlardan 5 nəfər ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Hazırda araşdırma aparılır və ilkin versiyaya görə, toqquşmanın baş verməsinə səbəb stansiyada siqnalizasiya sisteminin sıradan çıxması və dəmir yolu işçilərinin məsuliyyətsizliyidir.