İranın xarici işlər naziri Abbas Əraqçi bu gün jurnalistlərə açıqlamasında Tehran və Omanın Hörmüz boğazında müvəqqəti keçid marşrutunun müəyyənləşdirilməsi ilə bağlı razılığa yaxınlaşdığını bildirib.
APA-nın Tehran bürosunun məlumatına görə, Əraqçi deyib ki, iki ölkənin hərbi və dəniz qüvvələri arasında mövcud xəritələr əsasında danışıqlar aparılıb və həmin müzakirələrin yekununda yeni marşrut müəyyən ediləcək.
Onun sözlərinə görə, Omanla Hörmüz boğazının hüquqi mexanizmi və idarə olunması ilə bağlı danışıqlar davam edir.
İran XİN başçısı qeyd edib ki, tərəflər razılaşmaya çox yaxın olsa da, Hörmüz boğazının açılması ABŞ tərəfindən İslamabad anlaşmasının pozulmasına görə yaranmış öhdəliklərin kompensasiyası da daxil olmaqla, digər şərtlərdən asılıdır.
Əraqçi bildirib ki, əvvəllər mövcud olan TSS marşrutu artıq İran İslam Respublikası üçün gəmiçiliyə uyğun hesab edilmir və yeni TSS marşrutuna ehtiyac var. Onun sözlərinə görə, bu məsələ geniş texniki və hüquqi çətinliklər yaradır.
O əlavə edib ki, bu səbəbdən hazırda müvəqqəti marşrut üzərində danışılır və əsas marşrut müəyyən olunmazdan əvvəl həmin müvəqqəti yol baza kimi nəzərdə tutulacaq.
Əraqçi vurğulayıb ki, iki ölkənin hərbi və dəniz qüvvələri arasında mövcud xəritələr əsasında aparılan danışıqların yekununda yeni marşrut müəyyən ediləcək.
İranın xarici işlər naziri İslamabad anlaşmasına da toxunaraq deyib ki, Pakistanla bağlı anlaşma üzrə pozuntular bir-bir izlənməlidir və bu anlaşmanı pozan tərəf ABŞ olub.
Onun sözlərinə görə, İran tərəfindən anlaşmanın 5-ci bəndi icra olunurdu və bir ay ərzində keçid şərtlərinin normal vəziyyətə qayıtması nəzərdə tutulurdu. Əraqçi bildirib ki, iki həftə ərzində keçidlərin həcmi normal səviyyənin 60 faizinə çatmışdı, lakin ABŞ Hörmüz boğazında yeni marşrutlar yaratmağa çalışıb.
O qeyd edib ki, ölkəsi tərəfindən verilən xəbərdarlıqlara baxmayaraq, ABŞ İranın boğaz üzərindəki idarəçiliyinə zərbə vurmağa cəhd edib. Əraqçi vurğulayıb ki, İranın Hörmüz boğazı üzərində idarəçiliyinin və İslamabad anlaşmasının pozulması qətiyyən qəbul edilə bilməz.