ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin sədri general Den Keyn İranla müharibədən çıxış yolunun tapılmasının vacibliyini ABŞ Prezidenti Donald Trampın administrasiyasının yüksək vəzifəli rəsmilərinə bildirib.
APA xəbər verir ki, bu barədə CNN məsələ ilə tanış olan üç mənbəyə istinadən məlumat yayıb.
Mənbələrin sözlərinə görə, Keyn son həftələr ərzində İranla münaqişəni daha da gərginləşdirmək üçün nəzərdən keçirilən hərbi variantların əks nəticə verə biləcəyi barədə xəbərdarlıq edib. O, təkcə hava zərbələri vasitəsilə Trampın elan etdiyi məqsədlərə nail olunmasının çətin olduğunu düşünür.
“Keyn çıxış yolu axtarır”, – mənbələrdən biri bildirib.
CNN-in məlumatına görə, Keyn bu narahatlıqları Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) direktoru Con Retkliff, dövlət katibi Marko Rubio və vitse-prezident Cey Di Vens də daxil olmaqla administrasiyanın əsas rəsmiləri ilə müzakirə edib.
Bildirilir ki, general Tramp ilə görüşlərdən əvvəl mövqelərin uzlaşdırılması məqsədilə bəzi rəsmilərlə ayrıca məsləhətləşmələr aparıb. Məqsəd Tramp administrasiyasına mövcud hərbi variantların, o cümlədən quru qoşunlarından istifadə edilmədən həyata keçirilə biləcək əməliyyatların imkan və risklərini aydın şəkildə izah etməkdir.