“Məhəmməd bin Salman İranla siyasi danışıqlara başlamaq arzusunu ifadə edib”.
APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani bu gün keçirdiyi mətbuat konfransında ölkəsinin XİN başçısı Hüseyn Əmir-Abdullahian ilə İraqın xarici işlər naziri Fuad Hüseyn arasında danışıqlara toxunarkən bildirib.
"Ciddə görüşündən sonra Fuad Hüseyn Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın növbəti görüşdə İran və Səudiyyə Ərəbistanı arasında rəsmi və ictimai-siyasi dialoq aparmağa hazır olduğunu bildirib. Bu, müsbət əlamətdir və hesab edirik ki, tərəflərin irəliyə doğru əməldə addım atmaq üçün müsbət iradəsi sayəsində rəsmi və siyasi səviyyədə növbəti görüşün Bağdadda keçirilməsi mümkündür" - deyə N. Kənani qeyd edib.
N. Kənani nüvə danışıqları haqqında son durumu dəyərləndirib və bildirib ki, mütləq razılıq haqqında düşünürlər: “Yaxın gələcəkdə sazişin formalaşmasında maraqlıyıq, lakin biz qətiyyətlə emosional hərəkət etməyəcəyik və xalqımızın mənafeyini nəzərə alacağıq”.
O qeyd edib ki, İran öz xalqının mənafeyini tələskənliyin qurbanı etməyəcək.
N. Kənani Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossinin açıqlamaları ilə bağlı suala cavab olaraq bildirib ki, bu açıqlamalar qeyri-dəqiq və qeyri-texniki açıqlamadır: "Biz onları konstruktiv rol oynamağa və danışıqlar prosesinə kömək etməyə dəvət edirik".