İraq hakimiyyəti təhlükəsizlik qüvvələrinin Səudiyyə Ərəbistanının “Şərq-Qərb” neft kəmərinə endirilən zərbədə istifadə edildiyi iddia olunan pilotsuz uçuş aparatlarının (PUA) buraxılış platformasını aşkarlayaraq ələ keçirdiyini bildirib.
Bu barədə İraq Dövlət Xəbər Agentliyi (INA) məlumat yayıb.
İraq Təhlükəsizlik Media Hüceyrəsinin rəhbəri general-leytenant Səad Maan bildirib ki, kəşfiyyat və təhlükəsizlik üzrə xüsusi qrup buraxılış avadanlığının yerini müəyyənləşdirərək onu ələ keçirib. Maan deyib ki, Bağdad kəşfiyyat məlumatlarını bölüşmək üçün Səudiyyə Ərəbistanı hakimiyyəti ilə birbaşa əlaqə saxlayır.
Qeyd edək ki, sentyabrın 10-da İraqdan buraxılan bir neçə PUA ilə Səudiyyə Ərəbistanının Ər-Riyad və Mədinə bölgələrində “Şərq-Qərb” neft kəmərinə zərbələr endirilib və nəticədə bir neçə nəfər yaralanıb. Qlobal neft tədarükünün təxminən 4-5 faizini daşıyan və Səudiyyə Ərəbistanına Hörmüz boğazından yan keçməyə imkan verən kəmərin fəaliyyəti müvəqqəti dayandırılıb.
Səudiyyə Ərəbistanı Bağdadın müraciətindən sonra hələlik cavab zərbəsi endirməmək qərarına gəlib.
Səudiyyə Ərəbistanı hakimiyyəti PUA-ların buraxıldığı ərazini İranla sərhədə yaxın, İraqın cənub-şərqində yerləşən Maysan vilayətində müəyyən edib. Bu bölgədə İranla müttəfiq olan silahlı qruplar uzun müddətdir mövcuddur. Hücumdan sonra İraq hakimiyyəti təhlükəsizlik yoxlamalarının aparılması məqsədilə İranla bir neçə sərhəd-keçid məntəqəsini, o cümlədən Şələmçə, Çəzabeh və Mandalini müvəqqəti bağlayıb. Daha sonra bu keçidlər humanitar nəqliyyat üçün qismən yenidən açılıb.
İraqın Baş naziri Əli əz-Zeydi hücumdan sonra sərhəd bölgələrində, o cümlədən Maysan vilayətində hərbi komandirləri dəyişib.