Cümə günü İordan çayının qərb sahilində İsrail hərbçiləri ilə toqquşmalarda 70-dən çox fələstinli yaralanıb.
APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Fələstinin Qızıl Aypara cəmiyyəti açıqlama verib.
“Bu gün İordan çayının qərb sahilində, Nablus şəhəri yaxınlığındakı Beyt və Beyt Dəcan bölgələrində İsrail əsgərləri ilə toqquşmalarda 74 fələstinli yaralanıb”, - məlumatda belə deyilir.
İsrail ordusunun mətbuat xidmətindən verilən məlumata görə, hərbçilər Nablusun cənubundakı Givat-Eviatar nəzarət-buraxılış məntəqəsi ərazisində baş vermiş iğtişaşlara cavab veriblər.
“İğtişaşlar zamanı 200-ə yaxın fələstinlilər təkərlər yandırıblar və əsgərlərə daş atıblar, buna görə də kütləni dağıtmaq üçün vasitələrdən istifadə etməklə cavab verilib”, - deyə açıqlamada qeyd olunub.
Ordudan bildirilib ki, son vaxtlar bölgədə mütəmadi olaraq şiddətli iğtişaşlar baş verir.