İsrailin Baş naziri Naftali Bennett Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) vəliəhd şahzadəsi Məhəmməd bin Zayed əl Nəhyanla görüşüb.
APA-nın "Jerusalem Post"a istinadən verdiyi xəbərə görə, görüşdən əvvəl İsrail Baş naziri bu ölkəyə müsbət mesajlarla gəldiyini deyib.
"BƏƏ liderlərinə və Əmirliyin vətəndaşlarına çatdırmaq istədiyim mesaj budur ki, qarşılıqlı tərəfdaşlığımız və dostluğumuz təbiidir. Biz qonşuyuq və qohumuq. Biz İbrahim peyğəmbərin nəvələriyik", -deyə İsrail Baş naziri bildirib.
Naftali Bennet deyib ki, iki ölkə arasında münasibətlər həm bu ölkələr üçün, həm də bütün region üçün qiymətli xəzinədir.
Baş nazir ticarət, elmi-tədqiqat və təkmilləşdirmə, kibertəhlükəsizlik, səhiyyə, təhsil, aviasiya və digər sahələrdə əməkdaşlıq imkanlarını qeyd edib.
Xatırladaq ki, N.Bennet BƏƏ-yə səfər edən ilk İsrail Baş naziridir.