Yəmən hökuməti ilə husilər arasında əsir mübadiləsi çərçivəsində husilərin 249 nəfərdən ibarət ilk qrupu Ədənə çatdırılıb.
APA “Al-Hadath” telekanalına istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Yəməndəki nümayəndəsi bildirib.
Onun sözlərinə görə, əsirlərin mübadiləsi prosesi 3 gün ərzində həyata keçiriləcək. Bu prosesə 15 təyyarə reysinin də daxil olduğu qeyd olunub.
“Mübadilə prosesi plana uyğun gedir və indiyə qədər heç bir ləngimə yoxdur”, - deyə o əlavə edib.
Qeyd edək ki, BMT-nin məlumatına əsasən, yaxın günlərdə tərəflər ümumilikdə 887 nəfəri bir-birinə təhvil veriləcək: husilər 181 əsiri, Yəmən hökuməti isə 706 husini azad edəcək.
Husilərin “Ənsar Allah” təşkilatı tərəfindən azad ediləcək şəxslər arasında Sudan və Səudiyyə Ərəbistanı vətəndaşları da var.