İran Prezidenti Məsud Pezeşkian son müharibə zamanı Azərbaycan vasitəsilə İrana yardım və dəstək göstərildiyini bildirib.
APA-nın Tehran bürosunun məlumatına görə, Pezeşkian jurnalistlər qarşısında çıxışında müharibə zamanı baş verən hadisələr və İranın qonşu ölkələrdə yerləşən ABŞ bazalarına endirdiyi zərbələr barədə danışıb.
İran Prezidenti bildirib ki, müharibə zamanı atılan addımlar regional diplomatiyanı müəyyən qədər mürəkkəbləşdirib. Onun sözlərinə görə, İran bəzi region ölkələrinin ərazisində yerləşən ABŞ bazalarını hədəfə alıb və həmin ölkələr də öz ərazilərinə zərbələr endirilməsinə reaksiya veriblər.
Pezeşkian qeyd edib ki, İranın bu məsələdə mövqeyi haqlı olub. Çünki İrana qarşı hücumlar həmin ölkələrin ərazisində yerləşən bazalardan həyata keçirilib.
“Düzdür, həmin ölkələrin özü bizə hücum etməmişdi, amma onların ərazisindən həyata keçirilən hücum qarşısında susa bilməzdik və bu addımın təkrarlanmaması üçün cavab verməli idik”, – deyə Pezeşkian bildirib.
İran Prezidenti düşmənin ölkədə qarışıqlıq yaratmaq və İranı parçalamaq planına da toxunub. O bildirib ki, Əfqanıstan və Pakistan öz ərazilərindən İran daxilində sabitliyi pozmaq və iğtişaş yaratmaq məqsədilə istifadə olunmasına imkan verməyib.
Pezeşkianın sözlərinə görə, qarşı tərəf İran polisi üzərinə hücumlar həyata keçirməklə etiraz aksiyaları və etnik gərginlik yaratmaq, ölkəni parçalamaq istəyib, lakin bu plan baş tutmayıb.
İran Prezidenti Azərbaycanın müharibə dövründə yardımların çatdırılmasında oynadığı rola da diqqət çəkib. O bildirib ki, müəyyən mərhələdə Azərbaycan bankları və yolları İran üçün bağlamışdı, lakin aparılan danışıqlardan sonra yollar, bank və səfirlik yenidən açılıb.
Pezeşkian qeyd edib ki, müharibə zamanı Rusiyanın İrana yardımları Azərbaycan vasitəsilə həyata keçirilib. Onun sözlərinə görə, Azərbaycan da öz yardımlarını göndərərək bu prosesə dəstək verib.
İran Prezidenti Pakistan, Əfqanıstan, Türkmənistan və İraqla əməkdaşlığı da müsbət qiymətləndirib. O, Çin və Rusiyanın beynəlxalq platformalarda İranla bağlı məsələlərdə Tehrana dəstək verdiyini bildirib.