İran xarici işlər nazirinin hüquqi və beynəlxalq məsələlər üzrə müavini Kazım Qəribabadi hüquqşünasların konfransında çıxışı zamanı İran və ABŞ arasında İslamabadda keçirilən danışıqlara toxunub.
APA-nın Tehran bürosunun məlumatına görə, Qəribabadi ABŞ tərəfinin danışıqlar zamanı ifrat tələbləri özündə əks etdirən bir plan təqdim etdiyini və İran nümayəndə heyətinin bu planı açıq şəkildə rədd etdiyini bildirib.
Onun sözlərinə görə, ABŞ nümayəndə heyəti planın qəbul edilməyəcəyi təqdirdə danışıqların uğursuz hesab olunacağını və onların danışıqları tərk edəcəyini açıqlayıb.
“Son nəticədə də məhz belə oldu və ABŞ nümayəndə heyəti danışıqları tərk etdi”, - Qəribabadi əlavə edib.
Qəribabadi qeyd edib ki, İran nümayəndə heyəti tərəfindən danışıqların davam etdirilməsi üçün heç bir israr və ya xahiş edilməyib və bu yanaşma İranın “ləyaqətli diplomatiyasının” nümunəsi olub.
XİN rəsmisi Hörmüz boğazı ilə bağlı məsələlərə də toxunaraq bildirib ki, ABŞ-ın addımlarından sonra İranın boğazı yenidən bağlamasının ardınca Omanda danışıqlar keçirilib.
Onun sözlərinə görə, danışıqlar İran və Oman arasında nəticə verənədək qarşı tərəf gəmilərin hərəkəti üçün açılmış cənub marşrutunun fəaliyyətini davam etdirməsində israr edib. Lakin İran nümayəndə heyəti bu təklifi də qəbul etməyib.
Qəribabadi vurğulayıb ki, İran tərəfi danışıqların nəticəsindən asılı olmayaraq, müharibənin əvvəlindən müəyyən etdiyi prinsipial siyasətdən geri çəkilməyəcəyini açıq şəkildə bəyan edib.
XİN rəsmisi onu da əlavə edib ki, bundan sonra da Hörmüz boğazının bağlı saxlanılması və ciddi dəniz nəzarətinin tətbiqi siyasəti davam etdirilib və bu da İranın diplomatik yanaşmasının bir hissəsidir.