Qətərin “Qatar Airways” və Birləşmiş Ərəb Əmirliklərinin “Etihad Airways” aviaşirkətləri təhlükəsizlik səbəbilə Səudiyyə Ərəbistanının bir sıra şəhərlərinə uçuşları müvəqqəti dayandırıb.
APA xəbər verir ki, Səudiyyə Ərəbistanının Mülki Aviasiya Baş İdarəsi şənbə günü ər-Riyad hava limanının yenidən hücuma məruz qaldığını, hadisə nəticəsində insanların xəsarət aldığını və hava limanının fəaliyyətinin dayandırıldığını açıqlayıb.
“Qatar Airways” ər-Riyad və Dammama bütün uçuşların müvəqqəti dayandırıldığını açıqlayıb. “Etihad Airways” isə Əbu-Dabi ilə ər-Riyad arasında uçuşları oktyabrın 19-dək ləğv edib. Şirkət, həmçinin Ciddə və Dammama bir sıra reysləri bir neçə gün müddətinə dayandırıb.
Qeyd edək ki, Yəməndə “Ənsar Allah” (husilər) hərəkatı ilə Səudiyyə Ərəbistanının dəstəklədiyi hökumət qüvvələri arasında hərbi qarşıdurma dörd illik fasilədən sonra iyulun ortalarından etibarən yenidən başlayıb.