Bakı. Real Cəfərli - APA. BMT-nin İnkişaf Proqramının Asiya və Okeaniya regionu üzrə ofisinin rəhbəri Havlinq Şo iyunun 25-də Urmiya gölünə baxış keçirib. APA-nın İRNA-ya istinadən verdiyi məlumata görə, Havlinq Şo daha sonra İranın Qərbi Azərbaycan vilayətinin valisi Qurbanəli Səadətlə görüşərək Urmiya gölündəki böhranın araşdırılmasının vacib olduğunu bildirib: “Hazırda Urmiya gölünün bərpası üçün 20-25 milyard kubmetr suya ehtiyac var. Bu gün ərazidə istehlakla su ehtiyatı arasında tarazlıq pozulub. İran hökuməti və Qərbi Azərbaycan vilayəti tərəfindən regionun sosial-iqtisadi inkişafı və Urmiya gölündəki problemin həlli istiqamətində atılan addımların araşdırılması səfərimin əsas məqsədlərindəndir”.
Qeyd edək ki, Urmiya gölü İranın Şərqi və Qərbi Azərbaycan vilayətlərinin ortasında yerləşir. Sahəsi təxminən 6 min kv.km olan Urmiya gölünün 70 faizi 50 il ərzində tamamilə quruyub və şoranlığa çevrilib. Göldəki suyun səviyyəsi isə 1995-ci ildən azalmağa başlayıb. Artıq Urmiya gölünün ərazisi çox kiçilib və 5 adanın ətrafındakı su tamamilə quruyub. İran rəsmiləri hazırda hövzənin yalnız 7 faizində su qaldığını və 8 milyard ton duz olduğunu bildirirlər. Mütəxəssislər duz fırtınalarının baş verəcəyi və insanların sağlamlığına, təsərrüfata xeyli ziyan vuracağı barədə dəfələrlə xəbərdarlıq ediblər. Mayın 5-də İran, BMT-nin İnkişaf Proqramı və Yaponiya arasında Urmiya gölünün bərpası məqsədilə müqavilə imzalanıb. Belə ki, rəsmi Tokio Urmiya gölünün bərpası bu məqsədlə bir milyon dollar ayırıb. Layihənin 2015-ci ilin fevralınadək başa çatdırılması nəzərdə tutulub.