Bakı. Real Cəfərli-APA. “İranla Səudiyyə Ərəbistanı arasında xarici siyasət sahəsində ciddi anlaşılmazlıq var”. APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, bunu İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komissiyasının üzvü Məhəmməd İsmayıli bildirib.
Onun sözlərinə görə, iki ölkə arasında ən böyük anlaşılmazlıq bölgədəki terrorizmlə mübarizə mövzusunda yaşanır: “Hazırda Suriyadakı böhran Tehranla Ər-Riyad arasındakı anlaşılmazlıqların əsas səbəbidir. İran böhranın ancaq suriyalılar tərəfindən və xarici müdaxilə olmadan həllini istəyir. Ancaq Səudiyyə Ərəbistanı müxaliflərə hərbi və maliyyə dəstəyi vermək yolunu seçib”.
M. İsmayılı deyib ki, ABŞ və İsrail bölgədə sabitliyi məhv etməyi qarşılarına məqsəd qoyublar: “Təəssüflər olsun ki, bəzi bölgə ölkələri də işin sonunu düşünmədən onlara yardım göstərir”.