Bakı-APA. ABŞ dövlət katibi tarixdə ilk dəfə olaraq “Hiroşima Sülh Memorial Parkı”nda olub.
APA-nın NHK telekanalına istinadən verdiyi məlumata görə, Con Kerri 1945-ci ildə Xirosima bombardmanı qurbanlarının xatirəsinə həsr olunan memorial ilə tanış olub.
Hiroşimada “Böyük yeddilik” (G7) xarici işlər idarələri başçılarının ikigünlük görüşü keçirilir. Görüşdə həmçinin Almaniya, Yaponiya, Böyük Britaniya, Fransa, İtaliya və Kanada XİN rəhbərləri iştirak edir.
Görüşün yekununda nüvə silahına qarşı “Hiroşima deklarasiyasının” imzalanması gözlənilir.
1945-ci ilin 6 avqustunda ABŞ təyyarələrinin Yaponiyanın Hiroşima şəhərinə atom bombası atması nəticəsində ümumilikdə 200 minədək insan ölüb. Üç gün sonra Naqasaki şəhərinə atılmış ikinci bomba isə daha 70 minə yaxın insanın həyatına son qoyub.
Xatırladaq ki, bu il mayında Yaponiyanın Mie prefekturasında G7 ölkələri liderlərinin sammiti keçiriləcək.