Bakı. Real Cəfərli – APA. İran həbsxanasında cəza çəkən azərbaycanlı fəal aclıq aksiyasına başlayıb. APA-nın HRAZ-a istinadən məlumatına görə, buna səbəb Fərdin Muradpurun onun həbs müddətinin 2010-cu il aprel ayından deyil, 2011-ci il iyunun 13-dən hesablanmasıdır. Bu isə azərbaycanlı siyasi məhbusun İran həbsxanasında qaldığı 315 günün hesablanmamağı deməkdir. F. Muradpur məsələylə bağlı şikayət etsə də, ancaq onun etirazı heç bir nəticə verməyib. Azərbaycanlı fəala 315 günlük müddətin indiki həbs cəzasına aidiyyatı olmadığı bildirilib. Ona görə də F. Muradpur iyunun 1-dən etibarən aclıq aksiyasına başlayıb. Azərbaycanlı siyasi məhbus hazırda həbsxananın karantin bölümündə saxlanılır.
Qeyd edək ki, F. Muradpur 2009-cu il mayın 22-də Təbrizin Elgölü parkında həbs edilib. Hakimiyyətin əleyhinə təbliğat aparmaq və ictimai asayişi pozmaqda günahlandırılan azərbaycanlı fəal 6 il həbs cəzasına məhkum edilib. Azərbaycanlı faəl 2009-cu ildə may hadisələrinin ildönümündə polisin açdığı iki gülləyə tuş gəlib. Ağır yaralanan F. Muradpur 13 gün xəstəxanada müalicə alıb və tam sağalmamış gecə saatlarında həbsxanaya aparılıb. Azərbaycanlı fəal uzun müddət təkadamlıq kamerada saxlanılıb, ağır işgəncələrə məruz qalıb, aclıq aksiyası keçirib və səhhətində ciddi problemlər yaranıb.