Bakı. Real Cəfərli – APA. İran uzun illərdir, “HAMAS”a göstərdiyi maliyyə, texniki və hərbi təhsil dəstəyini kəsib. APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə “HAMAS”ın xarici işlər naziri Qazi Hamad bildirib. Onun sözlərinə görə, 2006-cı ildən bəri davam edən İranın köməyi kəsilib və əlaqələr pisdir.
Qeyd edək ki, İranla Fələstində fəaliyyət göstərən “HAMAS” arasında Suriya məsələsi ilə bağlı fikir ayrılığı yaşanıb. Belə ki, “HAMAS” Bəşər Əsəd rəhbərliyinə qarşı olan ölkələrlə eyni cəbhədədir. Ancaq İran Suriya hakimiyyətinə dəstəyini davam etdirir.
Qəza Ummah Universitetindən doktor Adnan Əbu Amər bildirib ki, İran “HAMAS”-ın Fələstində iqtidara gəldiyi 2006-cı ildən bəri partiyaya aylıq olaraq 19 mln. 610 min və ya 22 mln. 260 min ABŞ dolları arasında pul köçürüb.