Bakı. Real Cəfərli - APA. İran Ərak ağır su nüvə reaktorunda plutonium istehsalının miqdarını xeyli azaldacaq.
APA-nın İRİB istinadən verdiyi məlumata görə, bu barədə İran Atom Enerjisi Təşkilatının (İAET) sədri Əli Əkbər Salehi açıqlama verib.
Onun sözlərinə görə, Ərak ağır su nüvə reaktorunun illik 9-10 kiloqram plutonium istehsal etməsi nəzərdə tutulsa da, bunun miqdarı 1 kiloqrama endiriləcək: “Bundan əlavə, Ərak nüvə reaktorunun yenidən dizayn edilməsi məsələsi də gündəmdədir. Ötən il noyabrın 24-də Cenevrədə əldə olunmuş nüvə razılaşması və ya bu il yanvarın 20-dən icraya qoyulan Birgə Fəaliyyət Proqramında İranın ehtiyaclarına əsasən uranın zənginləşdirilməsi qərara alınıb”.
Ə.Ə.Salehi həmçinin Buşəhr Atom Elektrik Stansiyasının (AES) 7 ilədək İranın ehtiyaclarını təmin edəcəyini söyləyib. O, İranla Rusiya arasında 8 AES-in inşasının rəhbərlik etdiyi qurumun uzunmüddətli iş proqramında olduğunu da vurğulayıb.