APA-nın “Səhamnews” xəbər saytına istinadən məlumatına görə, bu barədə onun oğlu Məhəmmədtağı Kərrubi açıqlama verib.
Onun sözlərinə görə, atası yüksək qan təzyiqindən əziyyət çəkir: “Ancaq təhlükəsizlik qüvvələri atamın sağlamlıq durumunu öyrənməyimiz üçün xəstəlik tarixçəsini ailəmizə vermirlər”.
M. Kərrubi deyib ki, ötən həftə bel ağrısı və bədəninin bəzi hissələrindən analiz verməsi üçün atasını İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) xəstəxanasına aparıblar: “Həkimlər atamda yüksək qan təzyiqinin olduğunu müəyyənləşdiriblər. Bu da onun indiki yaşı üçün zərərli və narahatlıq doğurandır. Biz təhlükəsizlik rəsmilərindən dəfələrlə onun xəstəlik tarixçəsini vermələrini və atamın mütəxəssislər tərəfindən ailəsinin qayğısı altında müalicəsilə bağlı addımlar atılmasını xahiş etsək də, bu istəyimizi yerinə yetirməyiblər. Fiziki vəziyyətinə gəldikdə deməliyəm ki, 30 aydır zalımcasına hökumətin həbsdə saxladığı atam tənəffüs çatışmazlığı, ağciyər və mədə-bağırsaq xəzstəliklərindən əziyyət çəkir”.
O, həmçinin atasının ETTELAAT-ın binasında həbsdə saxlanıldığını deyib: “Həbs müddətinin nə vaxt başa çatacağı və hökumətin hansı tədbirlər görəcəyilə bağlı məlumat yoxdur. Ümid edirəm ki, hökumət xalqın təkliflərini nəzərə alaraq bütün məhbusları azadlığa buraxacaq. Hazırda atamın həbs şəraiti ilə bağlı hər hansı bir dəyişiklik yoxdur. İndiyədək də heç bir dəyişiklik baş verməyib. Məsələn, böyük qardaşım Məhəmmədhüseyn Kərrubinin və digər oğlanlarının atası ilə görüşməsinə icazə verilmir”.