Bakı. Real Cəfərli – APA. İrqada rəsmi səfərdə olan İran prezidenti Mahmud Əhmədinejad bu ölkənin baş naziri Nuri əl-Maliki ilə görüşüb.
M.Əhmədinejad bildirib ki, İran və İraq arasında əlaqələrin hər sahədə inkişafı vacibdir: “Bu gün hər kəs bölgənin inkişafı və təhlükəsizliyi yalnız İran və İraqın birgə səylərinə bağlı olduğuna inanırlar”.
Onun sözlərinə görə, İraqın inkişafı istiqamətində son illərdə mühüm məsafə qət edilib: “İki ölkə əlaqələri dostcasına və qardaşcasınadır. İran və İraq əlaqələri hazırda müxtəlif sahələrdə inkişaf etməkdədir”. İran prezidenti deyib ki, iki ölkə bir çox sahədə çox yaxından əməkdaşlıq edirlər: “Belə ki, mühəndislik, neft-qaz, elektrik enerjisi kimi sahələrdə çox yaxından əməkdaşlıq edirlər və iki ölkənin əlaqələri gələcəkdə daha da inkişaf edəcək”.
Nuri əl-Maliki isə öz növbəsində vurğulayıb ki, İraq başda regional olmaqla hər sahədə İranla əlaqələri daha da inkişaf etdirməyin tərəfdarıdır: “Bu gün İraqda mövcud olan problemlərin əsas səbəbkarı devrilmiş Səddam Hüseyn rejimidir. Bu gün İraq qonşularına qapılarını açıb. Çünki İraqın qonşu, dost və müsəlman ölkələri ilə hər sahədə əlaqələri inkişaf etdirmək istəyir”. İran və İraqın strateji ortaqlıqlara sahib olduğunu deyən Nuri əl-Maliki bildirib ki, iki ölkənin əlaqələrinin inkişaf etdirilməsi üçün heç bir maneə və sərhəd yoxdur: “Hazırda İranla hər sahədə əlaqələri inkişaf etdiririk”.