Bakı. Real Cəfərli – APA. “Qərb ölkələri sanksiyalar tətbiq etməklə İranı iqtisadi mühasirəyə sürükləmək istəyir”. APA-nın İRİB-ə istinadən bunu İran prezidentliyinə namizəd Möhsün Rzayi bildirib.
Onun sözlərinə görə, İran gənclərinin yardımı və hökumətin tədbirli addımları ilə bu sanksiyaları ləğv etmək və ölkə iqtisadiyyatını nizama salmaq olar.
İran prezidentliyinə namizəd xalqın iqtisadi və məişət probleminin həllinin öz seçki platformasında əsas yer tutduğunu vurğulayıb: “İranın hazırkı vəziyyəti müqəddəs müdafiə dövrü (8 illik İran-İraq müharibəsi nəzərdə tutulur) ilə çox fərqlidir. Düşmənlər keçmişdə hərbi yolla İrana qarşı çıxdılar. Hazırda da iqtisadi müharibə və sanksiyalara əl atıblar. Bu səbəbdən iqtisadi problemləri arxada qoymaq müqəddəs müdafiə dövründə Xürrəmşəhri azad etmək kimi bir şeydir”.
Qeyd edək ki, M.Rzayi 1973-cü ildə Tehranın Elm və Sənət Universitetinin “Mexanika mühəndisliyi” fakültəsində təhsil alıb. 1979-cu ildə İran İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) Mərkəzi Şurasının üzvü olub və iki il müddətinə SEPAH-ın informasiya komandanı vəzifəsində çalışıb. Eyni zamanda 8 illik İran-İraq savaşında SEPAH-ın baş komandanı olub. 2009-cu ildə keçirilmiş prezident seçkilərində iştirak etsə də, yetərli səs toplaya bilməyib. O, hazırda İran Məsləhət Şurasının katibidir.