Bakı. Real Cəfərli - APA. İran Qətərə nota verib. APA-nın İRİB-ə istinadən məlumatına görə, bununla bağlı Qətərin İrandakı müvəqqəti işlər vəkili bu ölkənin Xarici İşlər Nazirliyinə çağırıldığı və rəsmi Tehranın sərt etirazının ona çatdırıldığı bildirilir.
Xəbərdə İranın Qətərə notasının İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) iyunun 2-də ölkədə bu il iyunun 14-də keçiriləcək prezident seçkilərində qarışıqlıq salmağa cəhd göstərmək niyyətində olan daha bir terrorçu dəstəni zərərsizləşdirməsi ilə bağlı məlumat yaymasından sonra verildiyi vurğulanır.
Qeyd edək ki, ETTELAAT-ın bəyanatında deyilir ki, terrorçu dəstənin bütün üzvlərinin həbsi ilə yanaşı, onlara məxsus gizli silah anbarı da aşkar edilərək müsadirə olunub. Sənəddə bildirilir ki, İran və İslam düşmənlərinə bağlı xarici kəşfiyyat orqanlarının məsul şəxsləri ilə gizli görüşləri özündə əks etdirən videoçarxlar, fotoşəkillər, habelə onların adlarından ibarət siyahı da ələ keçirilən materiallardandır.
Ələ keçirilən sənədlər arasında bu terrorçu dəstənin müxtəlif xəyanətləri ilə bağlı da faktların mövcudluğu, terrorçu dəstə üzvlərinin sayının 12 nəfər olduğu, təqsirləndirilən şəxslərdən birinin İsrailə səfər etdiyi və bu ölkənin xarici kəşfiyyat orqanı olan “Mossad”dan müxtəliflər təlimlər aldığı da açıqlanıb.