Bakı. Real Cəfərli - APA. İranda azərbaycanlı fəal zəmanətlə azadlığa buraxılıb. APA-nın “Oyannews”a istinadən verdiyi məlumata görə, Əkbər Əbülzadə iyunun 18-də ailəsinin qoyduğu 100 milyon tümən mülk girovu qarşılığında Təbriz Mərkəzi Həbsxanasından sərbəst buraxılıb.
Qeyd edək ki, iyunun 11-də axşam saatlarında Təbriz və Urmiya şəhərlərində İran prezidenti Həsən Ruhaninin Urmiya gölünün qurumasının qarşısının alınması ilə bağlı verdiyi vədlərə əməl etməməsinə etiraz olaraq aksiyalar keçirilib. Soydaşlarımız küçə və meydanlara çıxaraq “Urmiya gölü susuzdu, Azərbaycan oyanmasa uduzdu!”, “Urmiya gölü səslənir: susuzam haray, haray!” və “Urmiya gölü can verir, məclis onun qətlinə fərman verir!” kimi şüarlar veriblər. Ancaq İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) Təbriz şöbəsinin əməkdaşları aksiyanın qarşısını almaq üçün dinc nümayişçilərə qarşı zor tətbiq edib, ümumilikdə 26 azərbaycanlı fəal həbs edilib. Onlar ictimai asayişi pozmaqda günahlandırılıblar. Artıq onlardan 25 nəfəri zəmanətlə azadlığa buraxılıb. Hazırda yalnız Abdullah Nuri Təbriz Mərkəzi Həbsxanasının karantin bəndində saxlanılır.