Bakı. Real Cəfərli - APA. Oktyabrın 28-29-da Vyanada İranla Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) arasında keçirilmiş müzakirələrdən sonra tərəflər birgə mətbuat konfransı keçiriblər.
APA-nın İran mətbuatına istinadən məlumatına görə, İranın AEBA-dakı daimi nümayəndəsi Rza Nəcəfi bildirib ki, danışıqlar çox konstruktiv olub: “İran nümayəndə heyəti yeni təklif təqdim etdi. İki gün sürən müzakirələr praktik addımlar üçün bir çərçivə müəyyənləşdirməyə yönəldi və İranla agentliyin əlaqələrində yeni bir dövr başladı”.
Ancaq R.Nəcəfi İranın agentliyə təqdim etdiyi yeni təkliflər paketinin mahiyyətini açıqlamaqdan imtina edib: “Hələlik təklifin üzərində işləyirik, nəticə əldə olunan zaman bunu açıqlayacağıq. İranın təklifi üzərində müzakirələr davam edir və son razılıq əldə olunmayıb. Ona görə də təklif gizli saxlanılacaq”.
AEBA-nın icraçı direktorunun müavini Tero Varyoranta isə danışıqları çox müsbət qiymətləndirib: “Müzakirələr iki tərəf arasındakı bütün məsələləri əhatə etdi”.
Hər iki tərəf mətbuat konfransında İranla AEBA arasında növbəti nüvə danışıqlarının noyabrın 11-də Tehranda keçirilməsi ilə bağlı razılıq əldə olunduğunu vurğulayıb.
Qeyd edək ki, bu gün Vyanada İranla “altılıq” ölkələri arasında ekspertlər səviyyəsində ikigünlük nüvə müzakirələri başlayacaq. İran nümayəndə heyəti Neft, Sənaye, Mədən və Ticarət və Nəqliyyat Nazirliklərinin mütəxəssisləri ilə Mərkəzi Bank və İranın Atom Enerjisi Təşkilatının ekspertlərindən ibarətdir. Heyətə İran Xarici İşlər Nazirliyinin siyasət və beynəlxalq şöbəsinin müdiri Həmid Bəidinejad rəhbərlik edir. İran və “altılıq” ölkələri arasındakı növbəti nüvə müzakirələri isə noyabrın 7-8-də Cenevrədə keçiriləcək.