Bank Of Baku

İranlı deputatlar Cek Strounun Həsən Ruhaninin andiçmə mərasiminə qatılmasını istəmirlər

İranlı deputatlar Cek Strounun Həsən Ruhaninin andiçmə mərasiminə qatılmasını istəmirlər
# 22 iyul 2013 09:41 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İran parlamentinin bir neçə mühafizəkar deputatı Böyük Britaniyanın keçmiş xarici işlər naziri Cek Strounun yeni prezident Həsən Ruhaninin andiçmə mərasimində iştirak etmək niyyətində olmasına qarşı çıxıblar.

 

APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, millət vəkili Cavad Kərimi Quddusi məsələyə sərt reaksiya verərək İran parlamentinə belə bir şeyə icazə verməməsi barədə xəbərdarlıq edib.

 

İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komissiyasının üzvü bildirib ki, İran və Böyük Britaniya arasında siyasi və müdafiə sahəsində əlaqələrin olmaması XI dövr prezident seçkilərinin dinc və təhlükəsizlik şəraitində keçirilməsinə gətirib çıxarıb: “İran parlamenti Böyük Britaniya ilə əlaqələri kəsmək barədə qanunu bu ölkənin məhz X dövr prezident seçkilərinin nəticələrinə etiraz olaraq keçirilmiş aksiyaların aktiv iştirakçısı olduğuna görə qəbul edib. İranla əlaqələrini birtərəfli şəkildə kəsən Böyük Britaniyanın addımı xalqımız üçün faydalı və müsbət bir şey deyil”. Sonda C.Quddusi İran parlamentindən C.Strounun H.Ruhaninin andiçmə mərasimində iştirakına icazə verilməməsini istəyib: “Çünki bu tədbir İran parlamenti tərəfindən təşkil ediləcək”.

 

İran parlamentinin azərbaycanlı deputatı Nadir Qazipur isə bildirib ki, C.Strounun İrana səfəri heç bir yaxşı şey vəd etmir: “İran siyasi ədəbiyyatında bu britaniyalı siyasətçi qoca tülkü adlandırılır və qoca tülkü də həmişə zərərlidir. Biz Şah Abbas dövründən bəri məhz Böyük Britaniyanın əli ilə hər şeyi itirmişik və bütün problemlər də I və II Dünya müharibələrində bizim üçün ingilislər tərəfindən yaradılıb”. Onun sözlərinə görə, Böyük Britaniya rəsmilərinə İrana qarşı səmimi olduqlarını sübut etmək üçün sanksiyaları, xüsusilə dərman idxalına qoyulmuş sanksiyaları aradan qaldırsınlar: “Ancaq onlar hər gün İranın nüvə proqramına görə yeni sanksiyaların tətbiq edilməsinə çağırırlar. Ona görə də biz belə bir dostluğu və gələn qonağı istəmirik”.

 

Qeyd edək ki, iyunun 14-də 18 613 329 səs (50,07%) toplamaqla İranın yeni prezidenti seçilmiş H.Ruhaninin andiçmə mərasimi avqustun 4-də keçiriləcək. C.Strou da inauqurasiya mərasiminə qatılmaq və İrana səfər etmək üçün Böyük Britaniya Xarici İşlər Nazirliyinə müraciət edib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR