Bank Of Baku

Məhəmməd Xatəmi İranın yeni prezidentinin andiçmə mərasiminə dəvət edilməyib

Məhəmməd Xatəmi İranın yeni prezidentinin andiçmə mərasiminə dəvət edilməyib
# 22 iyul 2013 08:38 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İranın sabiq prezidenti Məhəmməd Xatəmi ölkənin yeni prezidenti Həsən Ruhaninin andiçmə mərasiminə dəvət edilməyib.

 

APA-nın “Radiofərda”ya istinadən məlumatına görə, buna səbəb kimi keçmiş prezidentin 2009-cu ildə ölkədə keçirilmiş mübahisəli prezident seçkiləri ilə bağlı açıq mövqe ortaya qoymamasını və həmin olaylara görə bəraət almamasını göstərirlər. Ancaq bununla belə, İran Məsləhət Şurasının sədri, eks-prezident Əli Əkbər Haşimi Rəfsəncaninin adının qonaqların siyahısında olduğu bildirilir.

 

İran parlamentinin Rəyasət Heyətinin üzvü Hüseyn Sübhaniya məsələ ilə bağlı bildirib ki, qonaqların arasında H.Rəfsəncani var: “Ancaq sabiq prezidentlərin mütləq andiçmə mərasiminə dəvət olunması ilə bağlı hansısa bir qayda yoxdur”. Lakin son günlər bəzi islahatçı qəzetlər M.Xatəminin xüsusi qonaq kimi H.Ruhaninin inauqurasiya mərasiminə dəvət olunduğunu yazırlar. Ancaq parlamentin qərarı dəyişdirilə bilməz. M.Xatəmi isə məsələ ilə bağlı jurnalistlərə açıqlamasında belə deyib: “Bu hələlik mümkün deyil və çox gec də deyil”.

 

Bu arada İran Xarici İşlər Nazirliyinin sözçüsü Seyid Abbas Əraqçı bildirib ki, Avropanın bəzi ölkələri də daxil olmaqla bütün dövlətlərin liderləri və rəsmiləri H.Ruhaninin andiçmə mərasiminə dəvət olunublar: “Tədbirə daha çox bölgə dövlətlərinin başçıları və rəsmiləri dəvət ediliblər. Artıq bəzi ölkələrin liderləri, rəsmiləri dəvəti qəbul edib və inauqurasiya mərasimində iştirak edəcəklərini bildiriblər”.

 

Əfqanıstanın İrandakı səfirliyi də ölkə prezidenti Həmid Kərzayinin H.Ruhaninin andiçmə mərasiminə qatılacağını təsdiqləyib.

 

Bundan əlavə, Qətərin yeni əmiri Təmin bin Həmd əl-Saninin də H.Ruhaninin inauqurasiya mərasimində iştirak etmək üçün İrana səfər edəcəyi bildirilir.

 

Qeyd edək ki, iyunun 14-də 18 613 329 səs (50,07%) toplamaqla İranın yeni prezidenti seçilmiş H.Ruhaninin andiçmə mərasimi avqustun 4-də keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR