Bakı. Real Cəfərli - APA. İran prezidentliyinə namizəd Möhsün Rzayi indiki hökumətin iqtisadi siyasətini sərt tənqid edib.
APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, M.Rzayi bildirib ki, 20 ilə yaxındır İran iqtisadiyyatını yaxından təqib edir və problemlərin həll edilə biləcəyinə inanır.
O deyib ki, prezident seçiləcəyi təqdirdə, bütün gücünü inflyasiyanın səviyyəsinin yüksəlməsinin qarşısını almağa yönəldəcək.
İran prezidentliyinə namizəd vurğulayıb ki, hökumət inflyasiya və işsizlik kimi həqiqətləri qəbul etmir və davamlı gerçəkləri gizlətməyə çalışır.
M.Rzayi bildirib ki, mövcud problemlərin dini idarəçilik sistemi ilə heç bir əlaqəsi yoxdur: “Bu problemlər daha çox hökumət üzvlərinin bacarıqsızlığından qaynaqlanır”.
İran prezidentliyinə namizəd həmçinin xalqın artıq siyasi çəkişmələrdən bezdiyini də deyib.
Qeyd edək ki, M.Rzayi 1973-cü ildə Tehranın Elm və Sənət Universitetinin “Mexanika mühəndisliyi” fakültəsində təhsil alıb. 1979-cu ildə İran İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) Mərkəzi Şurasının üzvü olub və iki il müddətinə SEPAH-ın informasiya komandanı vəzifəsində çalışıb. Eyni zamanda 8 illik İran-İraq savaşında SEPAH-ın baş komandanı olub. 2009-cu ildə keçirilmiş prezident seçkilərində iştirak etsə də, yetərli səs toplaya bilməyib. O, hazırda İran Məsləhət Şurasının katibidir.