Bakı. Şamil Əlibəyli-APA. Pakistanın şimal-qərbində Əfqanıstanla həmsərhəd olan Xayber rayonunda terrorçulara qarşı irimiqyaslı əməliyyat keçirilib. APA-nın “İTAR TASS” agentliyinə istinadən verdiyi məlumata görə, Pakistanın təhlükəsizlik qüvvələrin keçirtdiyi əməliyyat nəticəsində 28 yaraqlı məhv edilib. Pakistan tərəfindən isə 6 əsgər həlak olub. Öldürülən yaraqlıların hamısı “Təhriki-e taliban Pakistan” hərəkatının üzvləri olub.
Son zamanlar Pakistan ərazisində taliblərin fəallaşması müşahidə olunur. Belə ki, ölkənin Tirax vadisində mütəmadi olaraq ekstremistlərlə Pakistan ordu arasında toqquşmalar baş verir. Bu ərazidə vəziyyətin gərginləşməsi səbəbindən 40 000 nəfər öz evlərini tərk etməyə məcbur olub.