TQDK imtahanlarda nəzarətçi kimi iştirak edəcək müəllimlər üçün seminar-məşğələlər keçirir

TQDK imtahanlarda nəzarətçi kimi iştirak edəcək müəllimlər üçün seminar-məşğələlər keçirir
# 04 fevral 2013 09:54 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) növbəti tədris ilində keçirəcəyi imtahanlarda nəzarətçi kimi iştirak edəcək müəllimlər üçün yanvarın 23-dən başlayaraq seminar-məşğələlər keçirir. TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, seminar–məşğələlərin məqsədi nəzarətçi–müəllimləri qəbul imtahanının texnologiyası ilə yaxından tanış etmək, imtahanları təlimata uyğun keçirməyə hazırlamaqdır.

Martın 5-dək davam edəcək bu seminarlar komissiyanın mərkəzi aparatının və regional bölmələrinin məsul əməkdaşları tərəfindən aparılır. Seminarların respublikanın bütün şəhər və rayonlarda keçirilməsi nəzərdə tutulur və 15000-ə yaxın nəzarətçi-müəllimin bu prosesdə iştirak edəcəyi gözlənilir. Seminar–məşğələlərdə nəzarətçilərin imtahan prosesi ilə əyani surətdə tanış olması məqsədilə imtahan texnologiyasına aid film nümayiş etdirilir. İmtahan prosedurlarının daha səmərəli izahını təmin etmək üçün seminar- məşğələlər 25-30 nəfərlik qruplarla keçirilir. Bu zaman real imtahanda tətbiq edilən sənədlər və vəsaitlərdən istifadə edilir.

Seminar-məşğələlərdə iştirak edən müəllimlər TQDK tərəfindən keçiriləcək sınaq imtahanlarında nəzarətçi kimi iştirak etməyə dəvət olunacaqlar. Bu da onların seminarlarda əldə etdikləri nəzəri bilikləri təcrübədə tətbiq etmələrinə kömək edəcək. Sınaq imtahanlarında nəzarətçi kimi özünü doğruldan müəllimlər qəbul imtahanlarına cəlb olunacaqlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR