Bank Of Baku

Türkiyə ordusunun Baş Qərargahı intihar edən polkovnik barədə mətbuatda çıxan xəbərlərə kəskin etirazını bildirib

Türkiyə ordusunun Baş Qərargahı intihar edən polkovnik barədə mətbuatda çıxan xəbərlərə kəskin etirazını bildirib
# 20 yanvar 2009 10:35 (UTC +04:00)
Ankara – APA. Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı yanvarın 19-da intihar edən istefada olan polkovnik Abdulkərim Kırca haqqında mediada çıxan xəbərlərə etirazını bildirib. APA-nın məlumatına görə, Baş Qərargah medianın məhkəməsiz hökm çıxardığını vurğulayaraq vaxtilə dövlətlə əməkdaşlıq edən Abdulqadir Ayqan adlı keçmiş PKK terrorçusunun A. Kırca haqqında iddialarına mətbuatda yer verilməsini tənqid edib. Açıqlamada deyilir: “Son vaxtlar bəzi media orqanları yalançı bir etirafçının (A. Ayqan nəzərdə tutulur – red.) ifadələrinə əsaslanaraq 1998-ci ildə Antalyada terrorçularla döyüşdə əlil olan Abdulkərim Kırca haqqında ittiham xarakterli xəbərlərə yer verib. İstefada olan polkovnik dünən evində intihar edib. Əvvəl də bildirdiyimiz kimi, fərdlərin və qurumların məhkəməsiz məhkum edilməsi təməl insan haqlarına ziddir və heç bir hüquqi-əxlaqi prinsipə uyğun deyil. Artıq səlahiyyətli dövlət qurumları və məsuliyyətli media orqanlarının müvafiq tədbirlər görməsinin vaxtı çatıb”.
Xatırladaq ki, Türkiyə Jandarma Qüvvələrinin Diyarbəkir bölgəsi üzrə sabiq kəşfiyyat rəisi, istefada olan polkovnik Abdulkərim Kırca yanvarın 19-da Ankarada Jandarma Qüvvələrinə məxsus hərbi şəhərcikdə yerləşən evində tapançası ilə başına atəş açaraq özünü öldürüb. A. Kırca PKK terror təşkilatına qarşı mübarizədə xüsusi xidmətlər göstərən zabitlərdən biri olub. Diyarbəkirdə terror təşkilatına ağır zərbələr endirən polkovnik PKK-nın Türkiyənin turizm mərkəzi Antalya bölgəsinə yerləşmək cəhdlərinin qarşısının alınmasında mühüm rol oynayıb. 1998-ci il aprelin 10-da Antalyanın dağlıq ərazisində terror aksiyasına hazırlaşan PKK-çılarla döyüşə girən A. Kırca 12 terrorçunu məhv edib və özü də ayağından yaralanıb. Bütün müalicə tədbirlərinə baxmayaraq, polkovnik iflic olub və təqaüdə göndərilib. Əlil arabasında yaşamağa başlayan A. Kırca prezident Əhməd Nejdət Sezər tərəfindən dövlət medalı ilə təltif edilib. Keçmiş kəşfiyyatçının son günlər hökumətə yaxın qəzetlərdə adının müxtəlif cinayətlərdə hallandırılmasına çox üzüldüyü, bu səbəblə özünə qəsd etdiyi güman olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR