Bank Of Baku

Avropa Parlamenti Avropa İttifaqını Quantanamo məhbuslarını qəbul etməyə razılıq verməyə çağırıb

Avropa Parlamenti Avropa İttifaqını Quantanamo məhbuslarını qəbul etməyə razılıq verməyə çağırıb
# 06 fevral 2009 10:05 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva-APA. Avropa Parlamentinin üzvləri Avropa İttifaqı ölkələrinə Quantanamo məhbusları ilə bağlı çağırışın əks olunduğu qətnamə qəbul ediblər. APA-nın məlumatına görə, çağırışda bildirilir ki, əgər ABŞ məhbusların qəbulu ilə bağlı Avropa İttifaqına müvafiq sorğu göndərsə, Aİ bu sorğuya müsbət cavab verməlidir. Strasburqda keçirilən səsvermədə Avropa Parlamentinin 542 üzvü sənədin lehinə, 55 üzvü əleyhinə səs verib, 51 nəfər bitərəf qalıb. Qətnamədə həmçinin ABŞ dövlətindən Quantanamo məhbuslarının insan hüquqları və fundamental azadlıqlarını təmin etmək tələb olunub.

Son məlumatlara görə, Quantanamo həbsxanasında 242 məhbus saxlanır, Pentaqon terrorçuluq fəaliyyətində günahlandırılan 62 məhbusa qarşı ittihamların sübuta yetirilmədiyini, bu səbəbdən onları azadlığa buraxmağa hazır olduğunu bildrib. Lakin onların bir qismi öz ölkələrində təqib olunduqlarına görə, repatriasiya edilməyə də bilər. Azadlığa buraxılacaq məhbuslar arasında Azərbaycan, Əfqanıstan, Misir, Həbəşistan, Rusiya və Tacikistanın 1, Əlcəzairin 10, Fələstinin 3, Suriyanın 9, Tunisin 10, Özbəkistanın 4 vətəndaşı var.

Quantanamo həbsxanasında saxlanılan Azərbaycan vətəndaşı Polad Siracov Avropada yaşamaq istəyini bildirib. APA-nın beynəlxalq xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, Böyük Britaniyanın “Reprieve” Hüquq Müdafiəsi Fondunun direktoru Kliv Stafford Smit Quantanamoda saxlanılan məhbuslardan 40-nın Avropada yaşamaq istədiyini bildirib. Avropada yaşamaq istəyən məhbuslar arasında Azərbaycan vətəndaşı Polad Siracov da var. Smitin sözlərinə görə, Danimarka, Hollandiya və Avstriya Quantanamo məhbuslarını qəbul etməkdən imtina etsə də, İspaniya, İtaliya, Fransa və Portuqaliya onları qəbul etməyə hazır olduğunu bildirib.

Xatırladaq ki, Quantanamoda olan yeganə azərbaycanlı məhbus P. Siracov Türkiyənin Kayseri şəhərindəki Ərciyəz Universitetində iqtisad fakültəsini bitirib və bir müddət Rusiyada fəaliyyət göstərən türk şirkətində çalışıb. O, 2001-ci ilin əvvəlində evdən çıxıb və geri qayıtmayıb. 2002-ci il yanvarında ailəsinə onun “Taliban” üzvləri ilə birlikdə həbs olunaraq Quantanamo həbsxanasına aparıldığı barədə məlumat verilib. İndiyədək Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri Quantanamoda bir neçə dəfə Polad Siracovla görüşüblər.

Qeyd edək ki, ABŞ prezidenti Barak Obama Quantanamo həbsxanasının bağlanması barədə sərəncam verib. Məhbusların taleyi barədə qərarı isə ABŞ hökuməti verməlidir. ABŞ hökuməti artıq bəyan edib ki, Avropa liderlərinin istəklərini nəzərə almağa hazırdır. Əgər bu istəklər nəzərə alınsa, məhbuslar cəzalarının qalan hissəsini Avropa ölkələrinin həbsxanalarında çəkəcəklər. Azadlığa buraxılacaq 3 uyğur məhbus Kanadada yaşamaq istədiklərini bildirsə də, Kanada hökuməti onları qəbul etmək niyyətində olmadığını vurğulayıb. Çin Xarici İşlər Nazirliyinin sözçüsü Jianq Yu isə bildirib ki, rəsmi Pekin uyğur məhbusların üçüncü ölkələrə verilməsinin qəti şəkildə əleyhinədir. Qeyd edək ki, Çində təqiblərə məruz qalacaqları üçün uyğur məhbusların bu ölkəyə təhvil verilməsi mümkün deyil. Lakin indiyədək heç bir ölkə həmin məhbusları qəbul etməyə hazır olduğunu bildirməyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR