Bank Of Baku

Dövlət Bağçalı baş nazir Ərdoğana çox sərt xəbərdarlıq ünvanlayıb

Dövlət Bağçalı baş nazir Ərdoğana çox sərt xəbərdarlıq ünvanlayıb
# 14 sentyabr 2009 13:44 (UTC +04:00)
Bakı – APA. “AKP kürd məsələsi ilə bağlı Böyük Millət Məclisinin qapalı toplantısının keçirilməsində israrlı olarsa, bu toplantıda nələrin baş verdiyini türk millətinə açıqlayacağımızı indidən elan edirəm”. APA-nın xəbərinə görə, bu sözlər Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Bağçalının yazılı açıqlamasında əksini tapıb. D. Bağçalı bildirib ki, qapalı toplantılarda aparılan müzakirələrin 10 il ərzində ictimaiyyətə açıqlanması reqlamentlə qadağan edilsə də, Türkiyənin parçalanması mövzusunda müzakirələrin dövlət sirri sayılması doğru deyil.

MHP lideri baş nazir Rəcəb Tayyib Ərdoğana açıq mətnlə çox sərt xəbərdarlıq da ünvanlayıb: “Türkiyənin milli birliyi və bütövlüyü təhlükə altına düşərsə, bu xain əməllərin qarşısını almaq üçün milliyyətçi hərəkatın harada olacağı bəllidir. Bunun üçün Türkiyəni odun-alovun içinə atanlardan icazə alınmayacaq. Baş nazir Ərdoğan bu tarixi və taleyüklü an gəlib çatdıqda özünün və yaxınlarının hara qaçacağını və kimlərə sığınacağını düşünməlidir”.

D. Bağçalı 2002-ci ildə Ədalət və İnkişaf Partiyasının terrorun az qala sıfır səviyyəsində olduğu bir ölkə təhvil aldığını xatırladıb: “Ötən yeddi ildə hökumət terror qarşısında aciz və təslimçi duruma düşüb, terrorla mübarizə şüurlu şəkildə zəiflədilib, separatçı və qanlı terror təşkilatına öz məqsədlərinə siyasi yolla çatacaqları ümidi aşılanıb. Baş nazirin bu çöküş proyektini “demokratik plan”, “qardaşlıq, milli birlik və bütövlük” proyekti kimi bəzəkli adlarla sırımağa çalışması gerçək niyyətini gizlətməyə yönəlmiş cəhddir”.

Xatırladaq ki, hakimiyyətdəki Ədalət və İnkişaf Partiyası hökumətin kürd planı ilə bağlı parlamentin qapalı iclasının keçirilməsini təklif edib. Müxalifətdəki Milliyyətçi Hərəkat və Cümhuriyyət Xalq partiyaları isə parlamentdə PKK-nın siyasi qolu olan Demokratik Toplum Partiyasının da təmsil olunduğuna işarə edərək terror təşkilatı və onun həbsdəki liderindən gizli olmayacaq bir toplantının millətdən gizlədilməsinin mənasız olduğunu bildirirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR