Bank Of Baku

Dünya şöhrətli kinorejissor Roman Polanski həbs edilib

Dünya şöhrətli kinorejissor Roman Polanski həbs edilib
# 28 sentyabr 2009 09:33 (UTC +04:00)
Bakı – APA. Sürixdə keçirilən kino festivalında iştirak etmək üçün sentyabrın 26-də İsveçrəyə gedən dünya şöhrətli kinorejissor, Fransa vətəndaşı Roman Polanski həbs edilib. APA-nın BBC-yə istinadən verdiyi məlumata görə, 76 yaşlı R. Polanski 1978-ci ildə ABŞ-da onun barəsində verilən həbs orderi əsasında saxlanılıb. İsveçrənin ədliyyə naziri Evelin Vildmer-Şlümpf rejissorun həbsində hər hansı siyasi motiv olmadığını deyib: “Hüquqi dövlətdə insanlar arasında seçim edilmir. Başqa yolumuz yox idi”. Nazir ABŞ-ın müraciəti əsasında R. Polanski haqqında beynəlxalq axtarış elan olunduğunu və rejissorun ABŞ və İsveçrə arasındakı hüquqi razılaşma əsasında saxlanıldığını açıqlayıb.

Məşhur kinorejissorun həbsi böyük əks-səda doğurub. Fransanın xarici işlər naziri Bernar Kuşner isveçrəli həmkarı Mişelin Kalmi-Rey ilə telefon danışığında İsveçrəni R. Polanskinin hüquqlarını qorumağa çağırıb. O, problemin tezliklə xoş sonluqla yoluna qoyulacağına ümid etdiyini bildirib. B. Kuşner İsveçrədəki fransız diplomatlarına R. Polanski ilə görüşmək təlimatı verib. Fransanın mədəniyyət naziri Frederik Mitteran isə həbs xəbərindən şoka düşdüyünü söyləyərək bu məsələni prezident Nikola Sarkozi ilə müzakirə etdiyini vurğulayıb.

Polşanın xarici işlər naziri Radoslav Sikorski ABŞ prezidenti Barak Obamanı əfv hüququndan istifadə etməyə çağıracağını bəyan edib: “Roman Polanskinin dünya mədəniyyəti və Polşanın dünyadakı obrazının populyarlaşmasında böyük xidmətlərini, eləcə də mənim böyük rejissora münasibətimi nəzərə alaraq ABŞ hakimiyyətindən prezidentin əfv hüququndan istifadə etməsi imkanının araşdırılmasını xahiş etməyə hazırlaşıram. Bu məsələ birdəfəlik qapanmalıdır”.

UNESCO-nun yeni baş direktoru İrina Bokova da hadisədən şok keçirdiyini və qəzəbləndiyini dilə gətirib. Məşhur kinorejissrolar Vonq Kar Vay, Ettore Skola, tanınmış aktrisa Monika Beluççi, aktyor Fanni Ardan və digər kino xadimləri R. Polanskinin azadlığa buraxılması tələbi ilə müraciət imzalayıblar.

Qeyd edək ki, R. Polanski yetkinlik yaşına çatmamış məktəbli, 13 yaşlı fotomodel Samanta Geymerlə yaxınlıq etdiyi üçün ABŞ-da həbs olunmaq təhlükəsi ilə üzləşib və bu ölkəni tərk edib. ABŞ-dan qaçdıqdan sonra prokuror onun barəsində həbs qərarı çıxarıb və bu qərar 31 ildir qüvvədə qalır. R. Polanski 1997-ci ildə S. Geymerin ailəsi ilə razılaşma əldə edərək kompensasiya ödəyib. Lakin cinayət işi qapanmayıb. ABŞ-da işə baxan hakim rejissora təklif edib ki, məhkəmə iclasının televiziyada canlı yayınlanmasını qəbul etsə, ona bəraət veriləcək. R. Polanski bu təklifi rədd edib. Həbs qorxusu ilə Fransada yaşayan rejissor o vaxtdan bəri ABŞ-la yanaşı, Böyük Britaniyaya da gedə bilmir.

1960-cı illərin əvvəllərində kommunist Polşasından emiqrasiya edən R. Polanski ciddi yaradıcılıq uğurlarına imza atıb. Onun çəkdiyi “Pianist” filmi 2002-ci ildə ən yaxşı rejissor işinə görə Oskara layiq görülüb. R. Polanski mükafatlandırma mərasiminə qatılmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR