Bank Of Baku

Mixail Kasyanov: “Rusiya Avropa Şurası qarşısında götürdüyü öhdəlikləri yerinə yetirmir”

Mixail Kasyanov: “Rusiya Avropa Şurası qarşısında götürdüyü öhdəlikləri yerinə yetirmir”
# 29 sentyabr 2009 07:35 (UTC +04:00)
Strasburq. Fuad Qulubəyli – APA. “Müharibədən bir il keçməsinə baxmayaraq, Rusiya Avropa Şurasının heç bir tələbinə məhəl qoymayıb. Gürcüstan isə qəbul edilən qətnamələrdə əksini tapan öhdəliklərin müəyyən hissəsini yerinə yetirib. Rusiya üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir”. APA-nın Avropa bürosunun xəbərinə görə, bu sözləri Rusiyanın keçmiş baş naziri Mixail Kasyanov Strasburqda AŞ PA-nın plenar iclası çərçivəsində keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, Rusiya Avropa Şurasına daxil olarkən üzərinə götürdüyü öhdəliklərə riayət etmir, hətta AŞ-nin işini çıxılmaza salır. Belə ki, Avropa İnsan Haqları Məhkəməsinin işini asanlaşdırmağa xidmət edən 14-cü Protokol Rusiya tərəfindən hələ də ratifikasiya edilməyib.

Rusiya-Gürcüstan münasibətlərinin gələcəyinə toxunan M. Kasyanov qeyd edib ki, Moskva beynəlxalq hüquq normalarına riayət etsəydi, bu gün belə vəziyyət yaranmazdı: “Mənim mövqeyim budur ki, Gürcüstanın ərazi bütövlüyünə hörmət edilməlidir. Bundan əlavə, beynəlxalq ictimaiyyət bu regionda öz səylərini daha da artırmalıdır. Qaçqınların öz yuvalarına dönüşü təmin edilməlidir. Gürcüstan Rusiya üçün önəmli qonşudur. Hər iki ölkə arasındakı münasibətlər dinc qonşuluq münasibətlərinə əsaslanmalıdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR